Qərbin bəzi dairələri Azərbaycanda guya “insan hüquqlarının
pozulması” ilə bağlı yeni kampaniyalar təşkil olunması
istiqamətində iş aparırlar. Azərbaycana qarşı bu kampaniya
mütəşəkkil şəkildə təşkil edilib və bir mərkəzdən idarə olunur.
Mayın 14-də bir qrup “fəal”ın Bakıda keçirdiyi etiraz aksiyasına
Qərbin bəzi dairələrinin şişirdilmiş münasibəti bu kampaniyanın bir
tərkib hissəsidir.
Məsələ ilə bağlı AzerTimes-ın sualını cavablandıran Milli Məclisin deputatı
Elşən Musayev bildirib ki, may ayının 14-də
müxalif kəsimin qanunsuz mitinqindən sonra Qərbin müəyyən
dairələrinin mövzuya ədalətsiz münasibəti və xüsusən də Böyük
Britaniya səfirliyinin bu haqda açıqlaması insanda təəssüf və
təəccüb hissi doğurur.
“Çünki həmin aksiyada iştirakçılara qarşı heç bir zor tətbiq
olunmayıb və ümumiyyətlə, proses boyunca heç bir insident
yaşanmayıb. Üstəlik, Azərbaycan polisi və digər müvafiq qurumlar da
maksimum dərəcədə səbrlə davranıblar.
Məndə belə bir təəssürat yarandı ki, Böyük Britaniya səfirliyi
bəyanat mətnini sanki həftələr öncədən yazıb, hazırlayıb və məqam
gözləyib ki, tezcə dərc etsin. Yoxsa bunun başqa adı yoxdur.
Britaniya səfirliyi oturub öz işi ilə məşğul olmaq əvəzinə
siyasi bəyanatlar verir, səhv tutur, “ağsaqqallıq” sevdasına düşür.
Niyə? Nə xəbərdi? Kim verib sizə bu ixtiyarı? Beynəlxalq hüquq
demirmi ki, başqa dövlətlərin daxili işlərinə qarışmaq olmaz? O
zaman bəs niyə qarışırsınız?
“Azadlıq” radiosu buradan, “Amerikanın səsi” ordan, müxalif
bloqerlər başqa tərəfdən, xaricdə yaşayan “söyüş müxalifəti” o biri
yandan, səfirlik bu biri yandan… Hamısı sanki növbəyə düzülüb.
Görəsən, səbəb nədir? Ortada koordinasiyamı var? Təlimatmı
belədir?”, – deyə deputat bildirib.
O qeyd edib ki, həmin mitinqdə heç bir insident olmayıb. “Həmin
mitinqdə demək olar ki, heç iştirakçı da olmayıb. Olubsa da
barmaqla sayılacaq qədər. Ona görə də məsələni, mövzunu
şişirtməyin, siyasiləşdirməyin heç bir anlamı yoxdur. Qərbin həmin
o müəyyən dairələri də, Britaniyanın səfirliyi də gedib özlərinə
aid işlərlə məşğul olsunlar”, – deyə deputat əlavə edib.
Milli Məclisin deputatı Cavid Osmanov isə
AzerTimes-ın sualını
cavablandırarkən qeyd edib ki, Azərbaycanda möhkəm milli həmrəylik
formalaşıb, xalqımız ölkədə yürüdülən siyasəti dəstəkləyir.
Azərbaycanın əldə etdiyi uğurlar, dünyada artan nüfuzu, beynəlxalq
aləmdə ölkəmizə çox böyük hörmətlə yanaşılması, Vətən Müharibəsində
əldə etdiyimiz tarixi qələbə, ölkəmizin dünyada vacib aktora, söz
sahibinə çevrilməsi xüsusən ermənipərəst dairələri ciddi narahat
edir.
“Ermənipərəst Qərb dairələrinin, o cümlədən “Beşinci kolon”un
nəzarətində olan media şəbəkəsi üzərindən Azərbaycanın artan
nüfuzuna xələl gətirməyə çalışırlar. Bakıda may 14-də keçirilən
aksiya da birbaşa buna hesablanıb: “Biz əvvəl də qeyd etmişdik ki,
bu aksiyanın heç bir nəticəsi olmayacaq. Çünki xalq artıq “Beşinci
kolon”un ermənipərəst dairələrə xidmət etdiyini çoxdan dərk edib.
Onların aksiyasının növbəti dəfə iflasa uğrayacağından heç bir
şübhəmiz yox idi. Mitinq bir daha göstərdi ki, Azərbaycan daha
inamla, daha güclü, qüdrətli olmaq yolunda çox ciddi addımlar atır.
Bunun da təməlində xalq-iqtidar birliyi dayanır.
Hər dəfə aksiyadan sonra guya iştirakçılara qarşı zorakılıq
olmasına dair saxta məlumatlar yayırdılar. Bu dəfə də hər hansı
fakt tapmadılar. İndi də başqa istiqamətdə ləkələmə, qarayaxma
aparmağa çalışırlar. Guya aksiyadakı qadınlara qarşı qeyri-etik
davranılıb. Təbii ki, ermənipərəst fondun maliyyə vəsaiti hesabına
“Beşinci kolon” tərəfindən keçirilən qanunsuz aksiyanın iflasına
görə belə söhbətlər ortaya atılır. Heç bir arqument, fakt ortaya
qoymadan belə bir iddia irəli sürmələri bu qüvvələrin nə qədər
cılız və zəif olduqlarını bir daha göstərdi”, – deyə deputat əlavə
edib.
Milli Məclisin deputatı Ceyhun Məmmədov isə
AzerTimes-a açıqlamasında
qeyd edib ki, proseslərin təhlili göstərir ki, Qərbin bəzi
dairələri Azərbaycanda guya “insan hüquqlarının pozulması” ilə
bağlı yeni kampaniyalar təşkil olunması istiqamətində fəal iş
aparırlar.
“Mayın 14-də keçirilən cılız aksiya şişirdilib və
siyasiləşdirilməsi kampaniyasına başlanılıb.
Bütün bu proses – insidentin siyasiləşdirilməsi və nəticə kimi
icazəsiz aksiyanın elan olunması – ilk gündən “Amerikanın səsi” və
“Azadlıq” radioları tərəfindən fəal və geniş şəkildə
işıqlandırılıb. Mayın 8-dən aksiya gününədək bu radioların sosial
şəbəkə profillərində onlarla xəbər və müsahibə yayılıb, açıq
şəkildə etiraz aksiyasına çağırışlar edilib. Onu da qeyd edək ki,
bütün bunlara baxmayaraq, aksiyada çox az sayda adam iştirak edib,
meydana gələnlərin əksəriyyəti özlərini jurnalist kimi təqdim edib,
polis onlarla çox etik və qanunlar çərçivəsində davranıb, heç bir
zorakılığa yol verməyib və təşkilatçıların özləri də bunu etiraf
ediblər.
Hesab edirəm bu baxımdan Böyük Britaniyanın Azərbaycandakı
səfirliyinin aksiya ilə bağlı açıqlaması ciddi təəccüb doğurur.
Səfirlik iddia edir ki, “may ayının 14-də dinc etiraz aksiyası
dağıdılıb”, “zorakılıq” tətbiq olunub. Bu, qızışdırıcı və
təhrikedici mövqenin göstəricisidir. Sanki, səfirlikdə mövqe
əvvəlcədən formalaşdırılıb, yazı yazılıb və hadisələrin gedişatı
nəzərə alınmadan bəyan edilib.
Onu da qeyd edək ki, qonşu Ermənistanda son günlər keçirilən
aksiyaların dağıdılması, onlarla şəxsin saxlanılması, vətəndaşların
hətta avtomobillərdən çıxarılaraq həbs olunması hallarına heç bir
etiraz etməyən ABŞ və ya Böyük Britaniyanın Azərbaycanla bağlı
tamam fərqli mövqe nümayiş etdirməsi ikili standartlarının ən bariz
nümunəsidir. Niyə Ermənistandakı proseslərlə bağlı heç bir reaksiya
verilmir? İkili standartlar nə vaxta kimi davam edəcək?
Bütün baş verənlər belə deməyə əsas verir ki, bu icazəsiz
aksiyanın elan olunması Qərbin bəzi dairələrinin təhriki və
maliyyəsi ilə reallaşdırılan ssenaridir”, – deyə deputat əlavə
edib.