Qanunsuz ağackəsmə və qum-çınqıl hasilatı ilə bağlı 6 cinayət işi başlanılıb

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi
tərəfindən aparılmış araşdırma nəticəsində Goraboy, İsmayıllı və
Zaqatala rayonlarının ərazilərində qanunsuz ağackəsməyə görə 3
cinayət işi, həmçinin Masallı və Bakının Xəzər rayonlarında yerin
təkindən istifadə qaydalarının pozulması və torpaq zəbtinə görə də
3 cinayət işi başlanmışdır.

Baş Prokurorluğun Mətbuat xidmətindən AzerTimes-a verilən məlumata
görə, aparılmış araşdırmalarla dövlət mülkiyyətində olan, xüsusilə
də qorunan, həmçinin bələdiyyələrin mülkiyyətində olan ərazilərdə
yaşıllıqların və meşə fonduna daxil olmayan ağacların kəsilməsi,
qanunsuz qum-çınqıl hasilatının aparılması faktları təsdiqini
tapmışdır.

Qanunsuz ağackəsmə və qum-çınqıl hasilatının aparılması
hallarına aidiyyəti vəzifəli şəxslərin vəzifə səlahiyyətlərindən
sui-istifadə etməsi nəticəsində yol verilməsi müəyyən edildiyindən,
faktlarla bağlı Cinayət Məcəlləsinin 188.1 (torpaq üzərində
mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 255.1 (yerin
təkinin qorunması və istifadəsi qaydalarını pozma), 259.1, 259.2.4
(qanunsuz ağac kəsmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən
sui-istifadə) maddələri ilə cinayət işləri başlanılaraq istintaqın
aparılması üçün rayon prokurorluqları və daxili işlər orqanlarının
istintaq bölmələrinə göndərilmişdir.

Teqlər: