Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən ətraf
mühitin qorunması sahəsində hüquqpozmaların qarşısının alınması,
aşkar edilməsi və araşdırılması sahəsində aidiyyəti səlahiyyətli
qurumlarla birgə fəaliyyəti davam etdirilir.
Baş Prokurorluğun Mətbuat Xidmətindən AzerTimes-a verilən məlumata görə, Baş
Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən
aparılmış araşdırma nəticəsində Ağdaş, Bərdə, İmişli, İsmayıllı,
Oğuz və Qax rayonlarının ərazilərində qanunsuz ağac kəsmə faktına
görə 10 cinayət işi başlanıb.
Aparılmış araşdırmalarla dövlət mülkiyyətində olan, xüsusilə də
qorunan ərazilərdə, həmçinin bələdiyyələrin mülkiyyətində olan
ərazilərdə yaşıllıqların və meşə fonduna daxil olmayan ağacların
kəsilməsi nəticəsində təbiətə 200 min manat həcmində ziyanın
dəyməsi müəyyən edilib.
Faktlarla bağlı Cinayət Məcəlləsinin 259.1, 259.2.4 (qanunsuz
ağac kəsmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və
314.1-ci (səhlənkarlıq) maddələri ilə cinayət işləri başlanılaraq
istintaqın aparılması üçün rayon prokurorluqları və daxili işlər
orqanlarının istintaq bölmələrinə göndərilib.