Xəbər - Fərid Zöhrabov – Trend:
Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən ətraf
mühitin qorunması sahəsində hüquqpozmaların qarşısının alınması,
aşkar edilməsi və araşdırılması sahəsində aidiyyəti səlahiyyətli
qurumlarla birgə fəaliyyəti davam etdirilir.
Bu barədə AzerTimes-a qurumun mətbuat xidmətindən məlumat
verilib.
Bildirilib ki, Baş Prokurorluğun Cinayət təqibindən kənar
icraatlar idarəsi tərəfindən Sabirabad, İmişli, Ağcabədi, Bərdə və
Ağdam rayonlarının ərazilərində Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin əməkdaşlarının iştirakı ilə aparılmış araşdırma
nəticəsində 6 cinayət işi başlanılıb
Belə ki, araşdırmalarla dövlət mülkiyyətində, eləcə də xüsusilə
qorunan ərazilərdə, həmçinin bələdiyyələrin mülkiyyətində olan
ərazilərdə, habelə meşə fonduna aid olan ağacların qanunsuz
kəsilməsi faktları öz təsdiqini tapıb.
Qanunsuz ağackəsmə hallarının aidiyyəti vəzifəli şəxslərin
vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi nəticəsində baş
verməsi müəyyən edildiyindən, faktla bağlı Azərbaycan Respublikası
Cinayət Məcəlləsinin 259.1, 259.2.4 (qanunsuz ağac kəsmə) və 308.1
(vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət
işləri başlanılaraq istintaqın aparılması üçün rayon və şəhər
prokurorluqlarına, eləcə də daxili işlər orqanlarının istintaq
bölmələrinə göndərilib.