Qanunsuz ağac kəsən Şirvan sakininin məhkəməsi olacaq

Şirvan şəhəri, Gülbala Şıxbalaoğlu küçəsi, 4 ünvanında ağacların
qanunsuz kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər
Nazirliyindən daxil olmuş material üzrə Cinayət Məcəlləsinin
müvafiq maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı
tamamlanıb.

Şirvan şəhər prokurorluğundan AzerTimes-a verilən məlumata görə, aparılmış
istintaqla Şirvan şəhər sakini Zahid Babayevin müvafiq icazə
almadan tamah məqsədilə qeyd edilən ərazidə olan, meşə fonduna
daxil olmayan 3 ədəd ağacı qanunsuz kəsməsi nəticəsində təbiətə
ümumilikdə 2900 manat məbləğində maddi ziyan dəyməsinə əsaslı
şübhələr müəyyən edilib.

Zahid Babayev Cinayət Məcəlləsinin 259.1-ci (meşələrdə və ya
xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və
ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan
ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi
(götürülməsi) xeyli miqdarda ziyan vurduqda) maddəsi ilə
təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində başqa yerə
getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi baxılması üçün aidiyyəti üzrə Şirvan şəhər
məhkəməsinə göndərilib.

Teqlər: