Qanuna dəyişikliklər ali təhsilə əlçatanlığı artıracaq – Komitə sədri

Xəbər - Elçin Mehdiyev – Trend:

“Təhsil haqqında” qanuna dəyişiklik mütərəqqi xarakter daşıyır və insanların ali təhsilə əlçatanlığını artırır.

AzerTimes-ın məlumatına görə, bunu Milli Məclisin Təhsil komitəsinin sədri Bəxtiyar Əliyev parlamentin bu gün keçirilən plenar iclasında qeyd olunan qanunun müzakirəsi zamanı deyib.

O qeyd edib ki, dəyişikliyə əsasən, yüksək texniki peşə təhsili səviyyəsi üzrə dövlət sənədi ali təhsil müəssisəsinə daxil olmaq hüququ yaradır və növbəti təhsil pilləsində ali təhsil almaq üçün əsas sayılır.

Komitə sədri bildirib ki, dəyişikliklər həm də insanların hüquqlarını genişləndirir.


Qeyd edək ki, parlamentin bu gün keçirilən iclasında “Təhsil haqqında” və “Peşə təhsili haqqında” qanunlara dəyişikliklər birinci oxunuşda müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən, ali təhsil müəssisələrində bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura (rezidentura) təhsil səviyyələri üzrə tədris müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada kredit sistemi ilə təşkil olunur.
Bununla yanaşı, orta ixtisas təhsili müəssisələrində tədris müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada kredit sistemi ilə təşkil olunur. Orta ixtisas təhsilini başa vuran məzunlara müvafiq qaydada təhsil haqqında dövlət sənədi – diplom verilir.

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa təklif olunan dəyişikliklər yüksək texniki peşə təhsili səviyyəsi üzrə tədrisin təşkilində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada kredit sisteminin tətbiqi və bu təhsil səviyyəsi üzrə subbakalavrların topladıqları kreditlərin ali təhsil müəssisələrində nəzərə alınması məqsədi daşıyır.

Teqlər: