Medera Hospital MMC gömrük qaydaları əleyhinə olan inzibati xətaya görə cərimələnib.
AzerTimes İqtisadiyyat.az-a istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsi tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.
Daha sonra protokol baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş MMC ilə bağlı müraciətə baxılıb.
Hakim Aynurə Sadıqovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.
Qeyd edək ki, gömrük qaydaları əleyhinə olan inzibati xətaya görə vəzifəli şəxslər 1000 manat məbləğində, hüquqi şəxslər 1500 manat məbləğində cərimə edilir.
Xatırladaq ki, bu il iyulun 23-də Xalq artisti Ağadadaş Ağayevlə “MedEra” hospitalını mühafizə edən “Vətən-N Mühafizə Xidməti”nin mühafizəçisi Nurəddin Cəlilov arasında insident yaranıb. A.Ağayev əlində olan baltanı mühafizəçiyə tullayıb, daha sonra onunla əlbəyaxa olub. Atılan balta orada işləyən xadimənin ayağına dəyib. Faktla bağlı cinayət işi başlanılıb.
Daha əvvəl isə “Vətən-N Mühafizə Xidməti” əmək qanunvericiliyini pozduğuna görə ötən ay yüksək məbləğdə cərimələnib.