Bakıda rüşvətlə bağlı səs yazısı yayılmasına görə töhmət alan direktor barədə yeni məlumat var.
AzerTimes Oxu.az-a istinadən xəbər verir ki, Bakı şəhəri 45 nömrəli tam orta məktəbin direktoru Nəcibə Novruz qızı Axundova digər məktəbə təyinat alıb.
O, 34 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə yerdəyişmə edilib.
Bu məktəbin 523 şagird yeri var.
Qeyd edək ki, 45 nömrəli məktəb isə 1 300 şagird yerlikdir.
Xatırladaq ki, bir müddət əvvəl N.Axundovanın rüşvətlə bağlı mediada səs yazısı yayılmışdı. Bakı Şəhəri üzrə Təhsil İdarəsi məsələ barədə araşdırma aparmışdı.
Qurumdan bildirilmişdi ki, məktəbin direktorunun ictimailəşən səs yazıları və məktəbin pedaqoji kollektiv üzvlərinin müvafiq instansiyalara müraciəti əsasında aparılan araşdırma nəticəsində təhsil müəssisəsinin rəhbəri Nəcibə Axundovaya Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən, intizam tənbehi kimi sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.
Qeyd edilmişdi ki, N.Axundova səhhəti ilə əlaqədar müvəqqəti olaraq işə çıxmır. Müalicəsi başa çatdıqdan sonra iş yerinin dəyişdirilməsi məsələsinə baxılacaq.