Rusiyanın Almatıdakı baş konsulu Yevgeni Bobrovun sözləri qalmaqala səbəb olub.
AzerTimes Qazaxıstan mediasına istinadla xəbər verir ki, Bobrov Qazaxıstanda rus dilindən istifadə və tədrisin səviyyəsinin aşağı düşməsindən gileylənmişdi.
O, TASS-a müsahibəsində bunun səbəblərini rus əhalinin sayının 15% azalması və Qazaxıstan Təhsil Nazirliyinin qazax dili ilə bağlı xüsusi proqram hazırlaması ilə izah etmişdi.
“Rusdilli məktəb və siniflərin sayı getdikcə azalır, müəllim çatışmazlığı və digər problemlər var”, – o bildirmişdi.
Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smedyarov isə deyib ki, diplomat vəziyyətlə bağlı tam məlumata malik deyil:
“Ölkədəki 7700 məktəbdən 2500-ü rus və qazax, 1200-ü yalnız rus dilində tədris aparır. Bu şəxs (baş konsul) artıq Qazaxıstanda deyil, o, daha burada işləmir. O, diplomatik missiyasını başa vurub”.
Bobrov 2018-ci ilin oktyabr ayından Rusiyanın Almatıdakı baş konsulu vəzifəsində çalışır. Onun sözügedən açıqlamadan sonra Almatını tələsik tərk etdiyi bildirilir.