Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun şəxsi heyəti 2022-ci ili yeni uğurlar və nailiyyətlərlə qarşılayır.
Müdafiə Nazirliyindən AzerTimes-a verilən məlumata görə, dövlətimizin başçısı dekabrın 24-də Xocavənd rayonunun Hadrut qəsəbəsinə səfəri zamanı hərbi qulluqçular qarşısında çıxış edərkən demişdir:
“Şəhidlərimizin canı bahasına, qazilərimizin, hərbçilərimizin qanı bahasına biz tarixi ədaləti bərpa etdik, düşməni öz torpaqlarımızdan qovduq, azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağını ucaltdıq, tarixi ədaləti və milli qürurumuzu bərpa etdik”.
Hər bir Azərbaycan əsgəri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətənə, xalqa, dövlətə sədaqətlə xidmət etməkdən böyük qürur duyur və bu gün də dövlətimizin müstəqilliyinin, təhlükəsizliyinin keşiyində ayıq-sayıqdır. Əsgər və zabitlərimizin döyüş ruhu, vətənpərvərlik hissi, mənəvi-psixoloji hazırlığı yüksək səviyyədədir. Ordu-xalq birliyi gündən-günə daha da möhkəmlənir. Mədəniyyət, incəsənət, əbədiyyat xadimləri ən gözəl əsərlərini şəhadətləri ilə tarix yazan, adları tarixə yazılan şəhidlərimizin müqəddəs xatirəsinə, qalib Azərbaycan Ordusunun mübariz döyüşçülərinin rəşadət və şücaətinə, xalqımızın sarsılmayan həmrəyliyinə və əlbəttə, Müzəffər Ali Baş Komandanımızın sərkərdə məharəti, hücum diplomatiyası və dəmir yumruğunun sayəsində Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərə həsr edirlər.
Dünya şöhrətli sənətkar Qara Qarayevin bəstəkarlıq məktəbinin yetirməsi, tanınmış bəstəkar Azad Zahidin Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbaninin sözlərinə tenor, xor və simfonik orkestr üçün yazdığı “Qalib Sərkərdəsi Azərbaycanın” əsəri Müzəffər Ali Baş Komandan İlham Əliyevə ümumxalq sevgisinin, məhəbbətinin bariz nümunəsidir.
Xalq artisti Fəxrəddin Kərimovun dirijorluğu, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin və Azərbaycan Dövlət Xor Kapellasının müşayiəti ilə həmin mahnını Respublikanın Əməkdar artisti, vətənpərvərlik mahnılarının mahir ifaçılarından olan Ramil Qasımov ifa edib.
Yeni ili böyük coşqu ilə qarşıladığımız əlamətdar bir gündə həmin musiqi əsəri əsasında Azərbaycan Ordusunun Sənədli və Tədris Filmləri Mərkəzinin hazırladığı yeni klipi təqdim edirik.