Qala-Şüvəlan qəsəbələrarası avtomobil yolu yenidən qurulur (FOTO/VİDEO)

Bakı şəhərində və onun qəsəbələrində rahat gediş-gəlişin təmin
olunması məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi
tərəfindən küçə və yolların təmiri istiqamətində tədbirlər davam
etdirilir. Cari ilin “İnvestisiya Proqramı” çərçivəsində hazırda
Xəzər rayonunda Qala-Şüvəlan qəsəbələrarası avtomobil yolunun
yenidən qurulması işləri icra olunur.

Agentlikdən AzerTimes-a verilən məlumata görə, Qala-Pirallahı
avtomobil yolunun 8-ci km-dən başlayaraq Şüvəlan qəsəbəsinə qədər
uzanan Qala-Şüvəlan avtomobil yolunun uzunluğu 5.2 km, hərəkət
hissəsinin eni isə ortalama 9 metr təşkil edir.

Aparılan yenidənqurma işləri çərçivəsində yolboyu frezlənmə,
zəruri yerlərdə yararsız qruntun qazılaraq çıxarılması, əks-dolğu
işləri icra olunaraq yeni yol yatağı salınması, yol əsasının inşası
və 2 qat olmaqla asfalt-beton örtüyünün döşənməsi işləri
aparılacaq.

Artıq yolun 1200 metrlik hissəsində sadalanan işlər yekunlaşmaq
üzrədir. Digər hissələrdə isə layihə ardıcıllığına uyğun şəkildə
yenidənqurma işləri davam edir.

Layihəyə əsasən hər birinin eni 3.75 metr olmaqla 2 hərəkət
zolağından ibarət olacaq yolda 1-1.5 metr enində çiyinlərin, 1800
metr yeni səki daşlarının tikintisi, 2745 kv.m səkinin bərpa
olunması işləri də daxildir.

Bundan başqa, yolboyu avtonəqliyyat vasitələrinin normal
hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin
çəkilişi işlərinin aparılması, zəruri yerlərdə yol nişanlarının
quraşdırılması, yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının
yenilənməsi və layihə hündürlüyünə qaldırılması, həmçinin yeni
yağış barmaqlıqlarının quraşdırılması da nəzərdə tutulub.

Qeyd edək ki, cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq
Xəzər rayonun Mərdəkan, Binə, Buzovna, Qala və Zirə qəsəbələri
ərazisində ümumi uzunluğu 26.5 km küçə və yolun təmiri nəzərdə
tutulur ki, artıq bu istiqamətdə bir müddətdir Agentlik tərəfindən
müvafiq işlərə start verilib.

2021-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq isə rayonun
Binə, Buzovna və Qala qəsəbələrində ümumi uzunluğu 16.3 km olan
küçə və yolların təmiri icra olunub.

Təbii ki, təmiri aparılan və nəzərdə tutulan küçələr Xəzər
rayonunda vətəndaşların əsas istifadə etdiyi ərazilər olduğu üçün
gediş-gəlişin rahatlaşmasına, sərnişindaşımanın daha da
asanlaşmasına gətirib çıxarır.

Teqlər: