Qala divarlarında bərpa işləri davam etməkdədir

İçərişəhərdə dünya, ölkə və yerli əhəmiyyətli abidələrin qorunub
saxlanılması, arxeoloji, mühafizə, bərpa işlərinin aparılması,
tarixi-memarlıq abidələrinin elmi, tarixi və mədəni cəhətdən
öyrənilməsi, eləcə də ənənəvi küçə şəbəkələrini olduğu kimi
saxlamaqla turizm infrastrukturu qurulması sahəsində əsaslı işlərin
aparılması İdarənin prioritet fəaliyyət istiqamətlərindən
biridir.

Bu barədə idarənin mətbuat xidmətindən Trend-ə verilən
məlumatda deyilir.

Son illər ərzində Qız qalası, Şirvanşahlar Sarayı Kompleksi,
Məhəmməd məscidi, Dördbucaqlı qala, Bəylər məscidi, Qala divarları
və s. kimi dünya və ölkə əhəmiyyətli tarixi-memarlıq abidələrində
uğurla tamamlanmış çoxsaylı bərpa və konservasiya işləri bunun
bariz nümunəsidir.

Memarlıq abidələri üzərində aparılan bərpa işləri Avropanın
aparıcı bərpa şirkətləri ilə birlikdə və yerli mütəxəssisləri cəlb
etməklə həyata keçirilir. Bərpa işləri beynəlxalq standartlara
cavab verən ən müasir texnologiyalar ilə həyata keçirilir.

Bərpa və konservasiya işləri zamanı İçərişəhər ərazisində
yerləşən abidələrin qədimliyi və ənənəvi memarlıq üslubu qorunub
saxlanılır, burada yaşayan əhalinin təhlükəsizliyi təmin edilir.
Bunu nəzərə alaraq, Azərbaycan Memarlar İttifaqının, Azərbaycan
Milli Elmlər Akademiyasının və digər yerli ixtisaslaşmış
təşkilatların mütəxəssis və memarları ilə məsləhətləşmələr edilir,
müvafiq standartlara uyğun xüsusi qurğu və avadanlıqlar tətbiq
edilərək həyata keçirilir. Hər bir iş icra edilmədən öncə bu sahədə
ətraflı təhlillər aparılır, hazırlıq işləri görülür, daha sonra
işin planı təsdiq edilərək, ona uyğun həyata keçirilir.

“İçərişəhər” DTMQ İdarəsi tərəfindən hər il olduğu kimi tarixi
abidələrimizin qorunub saxlanması məqsədilə bərpa-restavrasiya
planına əsasən aparılan işlər 2022-ci ildə də davam etdirilir.
İdarə İçərişəhərin bütün Qala divarları boyunca konservasiya
prosesi planını nəzərdən keçirməkdədir və bu plana uyğun olaraq
hazırda bərpa işləri aparılır. Bu planın qarşıdakı illər ərzində
tədricən həyata keçirilməyi nəzərdə tutulur. Bərpa və konservasiya
işləri zamanı İdarə qabaqcıl dünya təcrübəsinin tətbiqinin önəmini
anlayaraq bu sahədə beynəlxalq yenilikləri daim diqqətdə
saxlayır.

“İçərişəhər” DTMQ İdarəsi hər zaman milli tariximizin və
mədəniyyətimizin nadir incisi olan qədim İçərişəhərin qorunması və
saxlanması üçün lazımi tədbirlər görülməkdədir.

Teqlər: