Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti Vatikanın baş keşişi (vikari), Müqəddəs Pyotr Kilsəsinin rəhbəri kardinal Mauro Qambetti ilə görüşüb.
Trend xəbər verir ki, kardinal Mauro Qambetti QMİ sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini səmimi salamlayaraq Vatikan ilə Azərbaycan arasında yüksək əməkdaşlıq əlaqələrindən məmnunluğunu bildirib, bu əlaqələrin uğurla inkişaf etdiyini deyib.
Səmimi qəbula görə kardinal M.Qambettiyə təşəkkür edən Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanın sivilizasiyalar və dinlər arasında münasibətlərin daha da inkişaf etdirilməsində xüsusi rol oynadığını bildirib.
QMİ sədri ölkəmizdə dini icmalar arasındakı tolerant münasibətlərdən söhbət açıb. Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda etnik və dini baxımdan qarşılıqlı anlaşmanın olduğunu, müxtəlif dinlərin nümayəndələrinin dinc şəraitdə birgə yaşadıqlarını qeyd edib. Vurğulayıb ki, ölkəmiz bütün dünyada dinlərin nümayəndələri arasında qarşılıqlı anlaşmanın, qardaşlıq və həmrəylik hisslərinin bərqərar olmasına çalışır və bu baxımdan dünyaya nümunədir.
Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan Ordusunun Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə BMT qətnamələrinə uyğun olaraq 30 ilə yaxın müddət ərzində erməni işğalında olan torpaqlarını azad etdiyini, Ermənistan tərəfinin işğal dövründə buradakı dini və mədəni abidələri vandalizmə məruz qoyduğunu vurğulayıb, bununla bağlı kardinal M.Qamtettiyə fotofakt kitabı təqdim edib.
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasındakı əməkdaşlıq məsələləri müzakirə edildiyi görüşdə ölkəmizin dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqi istiqamətində fəaliyyətini fəal şəkildə davam etdirdiyi qeyd olunub.
Kardinal Mauro Qambetti Heydər Əliyev Fondu tərəfindən Vatikanda həyata keçirilən təmir-bərpa işlərinin əhəmiyyətini qeyd edib, Azərbaycan Hökumətinə, xüsusilə də Fondun prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.
O, dünyanın bir çox yerlərində gərginlik və münaqişələrin artdığı, bəzi dairələrin dini amildən istifadə edərək ədavəti və nifaqı daha da yaymağa çalışdığı bir vaxtda Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün bəşəriyyətə əsl tolerantlıq nümunəsi göstərməkdə olduğunu qeyd edib.
Görüşdə Azərbaycanın Fransada və Müqəddəs Taxt-Tacdakı səfiri Rəhman Mustafayev, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Arximandrit Aleksiy (Nikonorov), Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekti Yepiskop Vladimir Fekete, Qafqaz Müsəlmanları İdarəsinin sədrinin birinci müavini, müfti Salman Musayev iştirak ediblər.