“Qafqaz evi” qurulmalıdır – Kılıç

“Qafqaz evi” qurulmalıdır – Kılıç

Region xaricindəki dövlətlər Cənubi Qafqazdaki proseslərə qarışmamalıdır, “Qafqaz evi” qurulmalıdır.

AzerTimes xəbər verir ki, bu sözləri Azərtac-a açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İMZA” İctimai Birliyinin Türkiyə nümayəndəsi Hulusi Kılıç söyləyib.

Onun sözlərinə görə, bölgə dövlətləri bütün məsələləri öz aralarında dialoq yolu ilə həll edə bilərlər və bu mənada Avropa İttifaqı və ABŞ kimi güclərin iştirakına ehtiyac yoxdur. “3+3” formatı (Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya, Türkiyə) kimi dialoq platformalarının əhəmiyyətinə diqqət çəkən Kılıç deyib:

“Türkiyənin təklifi ilə yaranan bu format çərçivəsində ilk görüş Moskvada keçirildi. Daha sonra Tehranda bir iclas təşkil olundu. Növbəti danışıqlar isə Ankarada nəzərdə tutulub. Çox vacib olan bu format bir daha göstərir ki, bölgəmizin xaricindəki ölkələrin aramızda yeri yoxdur”. O vurğulayıb ki, “Qafqaz evi” ideyası reallaşarsa, regionda sülh, əmin-amanlıq və inkişaf mühiti bərqərar olacaq. Yaxın vaxtlarda Türkiyədə keçiriləcək “3+3” formatındakı görüşdə Gürcüstanın da iştirak edəcəyinə ümidvar olduğunu bildirən sabiq səfir diqqətə çatdırıb: “Bütün region dövlətlərinin iştirak edəcəkləri əməkdaşlıq və dialoq platforması səmərəli olarsa, nə ABŞ-ın, nə də Avropa İttifaqının bölgəmizdə deyəcək sözü qalmayacaq. Belə bir formata bütün regionun ehtiyacı var. Bu kimi təşəbbüslər ölkələr üçün son dərəcə faydalıdır”.

Teqlər: