Milli Məclisin sədri Sahibə Qafarova dekabrın 11-də ölkəmizdə səfərdə olan Gürcüstan parlamentinin sədri Şalva Papuaşvilinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Parlamentdən AzerTimes-a verilən məlumata görə, Gürcüstan parlamentinin sədrini və nümayəndə heyətinin üzvlərini salamlayan Sahibə Qafarova ötən ilin aprel ayında Gürcüstana rəsmi səfərini, cari ilin may ayında isə qonağın ölkəmizə səfəri çərçivəsində Milli Məclisin Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi iclasında iştirakını məmnunluqla xatırlayıb.
Söhbət zamanı parlamentlər arasında ikitərəfli əməkdaşlıqla yanaşı, Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin uğurlu üçtərəfli əməkdaşlıq formatı da qeyd edilib.
Gürcüstan parlamentinin sədri 2024-cü ilin fevralında Azərbaycanda keçiriləcək prezident seçkilərini tarixi seçkilər adlandırıb, bu seçkilərin onun ölkəsi üçün də böyük əhəmiyyət daşıdığını qeyd edib və Azərbaycana uğurlar arzulayıb. O bildirib ki, Gürcüstan tezliklə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının tərəfdarıdır.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.