Ulu Öndər Heydər Əliyevin yaratdığı partiya ötən illər ərzində ölkəmizdə siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış edib. Qısa müddət ərzində ümumxalq partiyasına çevrilmiş Yeni Azərbaycan Partiyası yarandıqdan bu günə qədər çox böyük və uğurlu yol keçib.
AzerTimes xəbər verir ki, bu sözləri Milli Məclisin üzvü Kamaləddin Qafarov 1992-ci il noyabrın 21-də keçirilmiş YAP- ın təsis konfransını 30 il əvvəl ölkənin ictimai-siyasi həyatında baş verən taleyüklü hadisə kimi dəyərləndirərkən deyib.
K.Qafarov xatırladıb ki, Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin ağır günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir vaxtda Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranıb:
“Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və peşəkar siyasətçi Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. Xalqın istəyini nəzərə alaraq Ulu Öndərə müraciət edən məşhur “91-lər”in cəsarətli addımları nəticəsində dağıdıcı proseslərin qarşısı alındı. Yeni Azərbaycan Partiyasının təsis konfransı 21 noyabr 1992-ci il tarixində Naxçıvanda ölkəmizin bütün regionlarını təmsil edən və 550 nəfərdən ibarət olan təşəbbüs qrupunun iştirakı ilə keçirilmişdir. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Habelə, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi.Ulu Öndər cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasını qısa zamanda sürətlə inkişaf etdirdi, özünün dediyi kimi “dünənin, bu günün və sabahın partiyası” səviyyəsinə yüksəltdi”.
Deputat YAP-ın gələcək uğurunu təmin edən ideoloji amillərdən də danışıb:
“Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri Azərbaycanın siyasi gələcəyinin də ideya bazasını şərtləndirmiş oldu.”. K.Qafarov YAP-ın VII qurultayını ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisə kimi dəyərləndirən Prezident İlham Əliyevin qurultaydakı çıxışında söylədiyi nitqin əsas parametrlərindən də danışıb: “Dövlətimizin başçısının dediyi kimi, Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, həm də Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır və bundan sonra da bütün ölkəmizdə gedən proseslərin mərkəzində olacaq. 2021-ci il martın 21-də keçirilmiş YAP-ın VII qurultayında qəbul edilmiş qərar əsasında Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsi, 40 nəfərlik İdarə Heyəti, 13 nəfərdən ibarət Təftiş Komissiyası və yeni qurum olaraq YAP-ın Veteranlar Şurasının 35 nəfərlik tərkibi təsdiq edilmişdir. YAP öz təşəbbüsləri sayəsində partiyalararası siyasi dialoqu stimullaşdırmaqdadır. Siyasi dialoqun inkişafı dövlət siyasətinin prioritet fəaliyyət istiqamətlərindən biridir. Ölkəmizdə aparılan siyasi dialoq təcrübəsi YAP-ın təşəbbüsləri ilə zənginləşir. VII qurultayda qəbul olunmuş qərarlar hakim partiyanın “iqtidar-xalq” modelinin real işə düşdüyünü, milli həmrəyliyin yeni inkişaf mərhələsinin başlandığını nümayiş etdirdi. Prezident seçkilərindən sonra ərazi bütövlüyümüzün bərpası birinci dərəcəli vəzifə kimi qarşıya məqsəd qoyuldu və bu vəzifə uğurla icra olundu. Prezident seçkilərindən sonra ölkə başçısının bəyan etdiyi proqram ardıcıllıqla icra edilir. Verdiyi vədlərə sadiq qalan Azərbaycan iqtidarı bütün islahatları ardıcıllıqla, uğurla davam etdirir”.