Xəbər - Samir Əli – Trend:
İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan AzerTimes-a verilən məlumata görə, İmişli rayon Bəhrəmtəpə qəsəbəsində yaşayan Güluzə Şahverənova RPŞ-yə müraciət edərək içərisində 2500 manat pul, 1 cüt qızıl sırğa, 1 ədəd qızıl üzük və şəxsiyyət vəsiqəsinin olduğu çantanın naməlum şəxslər tərəfindən qaçırıldığı barədə məlumat verib.
Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində G.Şahverənovanın verdiyi məlumat təsdiqini tapmayıb. Belə ki, əvvəllər məhkum edilmiş G.Şahverənova istintaqa məlum olmayan mənbədən əldə etdiyi 48 qramdan artıq narkotik vasitə olan heroini çantasında daşıyarkən naməlum şəxslər tərəfindən oğurlanıb. Davam etdirilən araşdırmalarla heroini oğurlayan şəxslər də saxlanılıb.
Onların Bəhrəmtəpə qəsəbə sakinləri Vüqar Quliyev və Osman Abbaslı olduqları müəyyən edilib. Oğurlanmış narkotik vasitənin də yeri aşkar edilərək maddi sübut kimi götürülüb.
Qeyd olunan faktla bağlı İmişli RPŞ-də CM-in müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.