Xəbər - Samir Əli – Trend:
Mingəçevir şəhərində qadının boyunbağısını soyğunçuluq yolu ilə ələ keçirən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AzerTimes-a verilən məlumata görə, “102” Zəng Mərkəzinə və Mingəçevir Şəhər Polis Şöbəsinə müraciət edən bir qadın naməlum şəxsin onun üzərindəki qızıl boyunbağını soyğunçuluq yolu ilə ələ keçirdiyini bildirib.
Şöbə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Yevlax rayonu Tanrıqulular kənd sakini Anar Yusifli saxlanılıb. Soyğunçuluqla ələ keçirdiyi həmin boyunbağı isə ondan maddi sübut kimi götürülüb. Saxlanılan şəxs ifadəsində törətdiyi cinayət əməlini etiraf edib.
Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində Cinayət Məcəlləsinin 180.1-ci (Soyğunçuluq, yəni özgənin əmlakını açıq talama) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.