Qadın sahibkarların iqtisadiyyatda rolu artır

Dünyanın, eləcə də Azərbaycanın ictimai, sosial və mədəni
həyatında, iqtisadiyyatda qadınların rolu artır.

2022-ci ilin 1 yanvar tarixinə ölkəmizdə hüquqi şəxs yaratmadan
sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş
sahibkarların 21,4%-ni qadınlar təşkil edib. Sahibkar qadınların
30,5%-i Bakıda, 10,1%-i Lənkəran-Astara, 8,8%-i Qazax-Tovuz,
qalanları isə digər iqtisadi rayonlarda qeydiyyatdan keçib. Qadın
sahibkarların əsas hissəsi xidmət (52,4%), kənd təsərrüfatı (24%)
və digər sahələrdə fəaliyyət göstərirlər.

Qadınların özünüməşğulluğa və sahibkarlıq fəaliyyətinə təşviqi,
qadın sahibkarlığının inkişafına dəstək göstərilməsi Kiçik və Orta
Biznesin İnkişafı Agentliyinin (KOBİA) fəaliyyətində prioritet
istiqamətlərdəndir. Qadınlar biznes fəaliyyətinə başlamaq və
sahibkarlıq fəaliyyətini genişləndirmək üçün Agentliyin təlim,
məsləhət, beynəlxalq ixtisasartırma, maliyyə resurslarına və satış
bazarlarına çıxış, qrant, sərgilərdə iştirak, “kobmarket.az”
ticarət portalı, daxili bazar araşdırması, “Startap” şəhadətnaməsi
və s. dəstək və xidmətlərindən yararlanırlar. İndiyədək 5 qadın
sahibkara qrant, 4 qadın sahibkara “Startap” şəhadətnaməsi verilib.
2021-ci ildə və cari ilin yanvar-fevral aylarında 30-a yaxın qadın
sahibkarın ölkəmizdə və xaricdə keçirilmiş sərgilərdə iştirakı
dəstəklənib. Ötən il Agentliyin KOB inkişaf mərkəzləri tərəfindən
təşkil olunmuş təlim və məsləhət xidmətlərindən 9 minə yaxın qadın
sahibkar və sahibkarlıq fəaliyyətinə başlamaq istəyən qadınlar
faydalanıb. KOBİA-nın əlaqələndiricisi olduğu beynəlxalq
ixtisasartırma proqramından faydalanmış sahibkar və menecerlərin
21%-ni qadınlar təşkil edir.

Qadın sahibkarlığının dəstəklənməsi, bu sahədə qabaqcıl
beynəlxalq təcrübənin araşdırılması, qadınların biznes fəaliyyətinə
təşviqi və özünüməşğulluğunun təmin edilməsinə dəstək məqsədilə
KOBİA bir sıra yerli və xarici təşkilatlarla da əməkdaşlıq edir.
Agentlik yanında İctimai Şurada Qadın Sahibkarlığının İnkişafı
Assosiasiyası fəal şəkildə təmsil olunur.


İşğaldan azad olunmuş ərazilərimizdə biznes qurmaq istəyən,
eləcə də iş və xidmətlərini təklif edən sahibkarlardan indiyədək
KOBİA-ya 1000-dən çox müraciət daxil olub ki, bunun 50-yə yaxını
qadın sahibkarlara məxsusdur.

Ölkəmizin dayanıqlı inkişafında qadın sahibkarlığının rolunun,
KOB subyektləri arasında qadınların sayının daha da artması üçün
potensial böyükdür. Qadın sahibkarlar Azərbaycanın əlverişli biznes
mühitindən, sahibkarlıq fəaliyyəti üçün yaradılmış imkanlardan və
dövlət dəstəyi mexanizmlərindən faydalanmaqla iqtisadiyyatımıza,
məşğulluğun təmin olunmasına daha çox töhfə verə bilərlər.

Teqlər: