Qadın müəllimə “müəllimə” yaza bilərikmi? – Dilçi alim

Qadın müəllimə “müəllimə” yaza bilərikmi? – Dilçi alim

Azərbaycan dilində qrammatik cins kateqoriyası olmadığı üçün qrammatik kateqoriyalar adı altında yalnız ismin kəmiyyət, mənsubiyyət, hal və xəbərlik şəkilçilərindən bəhs olunur. Cinsləri bioloji cəhətdən bir-birindən fərqləndirmək üçün bir sıra leksik vahidlərdən istifadə olunur. Məsələn: qız, oğlan, kişi, qadın, baba, nənə və b.

Dilimizdə cins bildirən sözlərin bir qismi ərəb mənşəli alınmalardır. Bu dildə 2 cür cins anlayışı var: həqiqi cins (bioloji cins); məcazi cins (qrammatik cins). Həqiqi cins dedikdə Allahın insan və heyvanları fitrətən erkək və yaxud dişi olaraq yaratması başa düşülür. Kişi cinsi “müzəkkər”, qadın cinsi isə “müənnəs” adlanır. ُMəcazi, yəni qrammatik cins isə insan və heyvanları deyil, əşya və cisimləri bildirən isimlərə aid edilir.

“Müəllimə”, “şairə”, “katibə”, “mərhumə” kimi sözlər ərəb dilində həqiqi, yəni bioloji cinsə aiddir. Dilimizdə isə həmin cins fərqi leksik vahidlərlə ifadə olunur. Belə sözlər vaxtilə dilimizə bütöv şəkildə, yəni şəkilçi ilə birlikdə keçib. Buna baxmayaraq, həmin alınmalar kök və şəkilçiyə asanlıqla parçalandığından sadə deyil, düzəltmə söz kimi dərk olunur.

Fikrimcə, cins anlayışı ilə bağlı anlaşılmazlıq elə bu düşüncədən qaynaqlanır. Ona görə də cinsi bildirmək üçün dilimizdə süni yolla adlar yaradılmışdır. Nədənsə belə sözlər milli ad yaradıcılığı kimi təqdim olunur. Məsələn, Asifə, İlqarə, Çinarə, Rövşanə, Fiqurə, Xəyalə, Gülnarə və s.

Hətta “sürücü” sözünün qarşılığı kimi vətəndaşlıq qazanmayan “süranə” variantının da meydana çıxması həmin analogiya ilə bağlıdır.

“Xadim” (xidmətçi) sözündən “xadimə” (xidmətçi qadın) sözü yaransa da, semantika fərqlidir. “Xadim” dedikdə ictimai xidmətləri olan şəxs başa düşülür. Bu baxımdan nitqdə “xadiməçi” variantının müşahidə edilməsi təsadüfi deyildir.

Morfonoloji səviyyədə dilə müdaxilə çox təhlükəlidir, qrammatik sistemi zədələyir. Məsələn, orfoqrafiya lüğətində “cür”, “daim”, “sair” sözləri ilə yanaşı, “cürə”, “daima”, “sairə” sözləri də verilib. Bunlardan ikincisinə ehtiyac varmı?

“Azərbaycan dilinin izahlı lüğəti” Sovet dövründə tərtib edildiyi üçün çağdaş tələblərə tam cavab vermir. Ona görə də istifadəçilər daha çox yeni orforqafiya lüğətinə istinad edirlər. Lakin dil daşıyıcıları bəzi hallarda çətinliklə üzləşirlər. Məsələn, lüğətdə həm “müəllim”, həm də “müəllimə” sözü verilib. Belə olduqda dil daşıyıcıları orfoqrafiya lüğətinə istinad etməlidir, yoxsa dilimizdə cins kateqoriyasının olmamasını əsas götürərək qadınlara da “müəllim” deməlidirlər?

Əvvəlki nəşrlərdəki “şairə”, “müdirə”, “talibə” kimi sözlərin yeni orfoqrafiya lüğətindən çıxarılması doğru qərardır. Talibə – tələbə qız, müdirə – qadın müdir, şairə isə qadın şair deməkdir. “Tələbə”, “şair”, “müdir” sözləri uğurla işləndiyi halda, “talibə”, “müdirə”, “şairə” kimi cins bildirən sözlərə ehtiyac yoxdur. Statistikadan aydın olur ki, dilimiz peşə adlarına artırılan “ə” şəkilçili belə sözlərdən tədricən təmizlənir.

Məlumdur ki, dilimizdə bu və ya digər sənət, peşə sahiblərini cinsə görə fərqləndirmək məqsədilə kişi və qadın sözlərindən də istifadə edilir. Bu xüsusda cinsin sintaktik üsulla ifadəsi daha çox şifahi nitqdə müşahidə edilir. Məsələn: qadın həkim, kişi həkim, qadın müəllim, kişi müəllim və s.

Orfoqrafiya lüğətindən “şairə” sözü çıxarılıbsa, deməli, “müəllimə” sözü də çıxarılmalı idi. Lakin sonuncu nəşrdə nədənsə hər iki variant (müəllim//müəllimə) saxlanılıb. Mlli təfəkkürümüzdə gender ayrı-seçkiliyi olmadığına görə peşə adlarına artırılan “ə” şəkilçisinə ehtiyac yoxdur, çünki belə sözlər nitqdə anlaşılmazlıq yaratmır. Dilimizdə “Əməkdar müəllimə”, “Xalq şairəsi” fəxri adları və ya belə söz birləşmələri də yoxdur. Fikrimcə, cins kateqoriyasından danışarkən bu məqamlar da nəzərə alınmalıdır.

“Şairə”, “müəllimə” sözləri Azərbaycan Respublikasının fəxri adları haqqında Əsasnaməyə də uyğun deyil. “Azərbaycan dilinin orfoqrafiya normaları”nda qeyd olunur ki, fəxri adların özək hissəsini təşkil edən ilk söz böyük hərflə, sonrakı sözlər kiçik hərflə yazılır: “Əməkdar müəllim”, “Əməkdar incəsənət xadimi”, “Xalq şairi” və s.

Dilimizdə alınmaların orfoqrafiyasından, cins bildirən sözlərdən danışırıqsa, mütləq türk ailə konseptinə – böyük dövlətlər qurmuş, imperiyalar yaratmış babalarımızın ailə dəyərlərinə də nəzər salmalıyıq. Çünki cins anlayışı ilə bağlı qədim leksik laylar həm də ailə, soy, qohumluq terminlərində özünü göstərir. Sözsüz ki, ailə quruluşu olmadan dövlət qurula bilməzdi, çünki bu quruluş ilk növbədə cəmiyyətin tərbiyə-əxlaq məzmunu ilə bağlıdır. Milli düşüncədə gender bərabərliyi, ilkin cins anlayışının ümumi olması məhz bu amillərlə izah olunur. Məsələn, qədim türk yazılı abidələrinin dilində “qadın adam” mənasında işlənmiş “tişi kişi” ifadəsinə diqqət çəkmək istərdim. Abidələrimizdə “kişi” sözü həm də “qadın” mənasında işlənmişdir. “Qadın ana”, “bəy baba” kimi birləşmələrdə də həm ulu dilimizin qüdrəti, həm də ailə dəyərlərimizin müqəddəsliyi təsəvvürümüzdə canlanır. “Bacı” mənasında “qız qardaşı”, “qız övladı” mənasında “qız oğlan” birləşmələri, “anam kişi”, “xatun kişi”, “gəlin kişi”, “qız kişi” kimi ifadələr də bu qəbildəndir. Birləşmələrdəki “kişi” sözü gəlinin, qızın, xatunun kübar nəsildən olduğunu bildirir və ifadə etdiyi mənaya görə dilimizin ən qədim dövrlərinin məhsuludur. Dilimizdə oğlan-qız tərəfinin valideynlərinə fərq qoymadan “qayınata” və “qayınana”, eləcə də ortaq, hər iki cinsi bildirən “həyat yoldaşı” kimi sözlərin işlənməsi fikirlərimizi bir daha təsdiq edir.

Beləliklə, Azərbaycan dilində qrammatik cins kateqoriyasının olmadığını və “ə” şəkilçisinin bu kateqoriyadan olan sözlərə (həkim, alim, rəssam, mühasib və s.) artırıla bilməməsini, eləcə də milli təfəkkürümüzdə gender ayrı-seçkiliyinin olmamasını nəzərə alaraq, peşə adlarına artırılan şəkilçidən imtina olunmasını məqsədəuyğun sayırıq.

Şahlar Göytürk

Filologiya üzrə fəlsəfə doktoru, dosent, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin Analitik təhlil və proqramlaşdırma şöbəsinin müdiri

Teqlər: