Qadın hüquqlarının müdafiəsi üçün Azərbaycan dövləti tərəfindən bütün addımlar atılır – Sevil Mikayılova (FOTO)

Qadın hüquqlarının müdafiəsi və ümumilikdə cəmiyyətdə gender
bərabərliklərinin təsbit olunması üçün Azərbaycan dövləti
tərəfindən bütün addımlar atılıb və onlar qanunverici orqan
tərəfindən təsdiqlənib.

AzerTimes-ın məlumatına görə, bunu Milli Məclisin deputatı Sevil
Mikayılova Bakıda keçirilən Azərbaycanda Qadın, sülh və
təhlükəsizlik üzrə Birinci Milli Forumda çıxışı zamanı deyib.

Deputat qeyd edib ki, Azərbaycanda bu sahədə müvafiq
qanunvericilik bazası formalaşdırılıb və ildən-ilə
təkmilləşdirilir.

“Demək olar ki, hər il müxtəlif qanunvericilik aktlarına
dəyişikliklər edirik. Hazırda aktual olan çağırışlara uyğun olaraq,
ümumilikdə, həm Azərbaycan, həm də dünyada gedən proseslərin
fonunda yarana biləcək müxtəlif təhdidlərin qarşısının alınması
üçün Azərbaycan qanunvericiliyinin təkmilləşdirilməsi və yeni
qanunvericilik aktlarının qəbul olunmasına çalışırıq. Qadınların
müxtəlif sahələrdə aktiv iştirakı, eləcə də idarəçilikdə təmsil
olunması üçün qanunvericilik baxımından heç bir məhdudiyyət yoxdur.
Sadəcə olaraq biz burada fəallığın artırılması və qadınların bu
məsələlərdə iştirakının təşviq olunmasından söz açmalıyıq”.

S.Mikayılova vurğulayıb ki, Azərbaycanda qadınların çox böyük
potensialı var: “Mən bir millət vəkili olaraq seçicilərimlə
görüşürəm və şahidi oluram ki, qadınların işləmək, ictimai işlərdə
iştirak etmək istəyi yüksəkdir və biz onların iştirakçılığını
artırmalıyıq.

Azərbaycanda qadınların karyera inkişafı üçün hər hansı bir
maneənin olduğunu deyə bilmərik. Azərbaycanda qadınlar daha çox
ailəyə yönəlik olurlar. Ali təhsili bitirdikdən sonra qadınlar daha
çox ailəyə meyilləndikəri üçün karyera məsələsi arxada qalır və
onlar öz potensialından lazımi qədər istifadə edə bilmirlər. Bu isə
gender balansını pozur”, – deyə S.Mikayılova əlavə edib.

Deputat əlavə edib ki, Azərbaycanda 44 günlük Vətən
müharibəsində qazandığı böyük zəfərdən sonra tamamilə fərqli bir
reallıq formalaşıb ki, burada qadınların rolunun artırılmasına
həqiqətən ehtiyac var.

Millət vəkilinin sözlərinə görə, BMT-nin Təhlükəsizlik Şurasının
1325 saylı qətnaməsinin Azərbaycanda tam şəkildə icra olunması üçün
müvafiq mexanizmlərin olması və burada dövlət və vətəndaş cəmiyyəti
arasında müəyyən platformanın formalaşdırılması və vətəndaş
cəmiyyətinin bu işdə xüsusi fəallıq göstərməsinə ehtiyac var.

“Bir neçə il əvvəl Azərbaycanda artıq 1325 koalisiyası
formalaşdırılıb ki, bu çərçivədə qadınlar sülhün təşviq
olunmasında, ümumilikdə münaqişə zonalarında sabitliyin və
təhlükəsizliyin qurulmasında öz missiyalarını müəyyənləşdiriblər.
Amma bu nə dərəcə effektiv olub və bunun nəticələri nə olub? Biz
buna baxsaq, yəqin ki, bundan sonrakı addımlarımızı da ölçmək və
daha da dəqiq addımlar atmaq üçün imkanlarımız çoxalacaq.

1325 saylı qətnamədə qadın iştirakçıların həm münaqişə dövründə,
həm də münaqişədən sonrakı dövrdə tam dəqiq şəkildə fəaliyyəti
göstərilir və düşünürəm ki, biz sadəcə olaraq lokal xüsusiyyətləri,
münaqişənin özünü və müharibədən sonrakı yaranmış reallıqların
xüsusiyyətlərini nəzərə almaqla onu necə tətbiq etmək və burada
hansı mümkün çərçivələrdən istifadə etmək üzərində dayanmalıyıq.
Bir müddət əvvəl İsraildə səfərdə olarkən burada qadın polislərin
çoxluğu mənim diqqətimi çəkdi. Düşünürəm ki, vahimə, xof,
ümumilikdə münaqişədən sonra yaranmış bu cür xoşagəlməz fəsadların
qarşısının alınmasında bir qadın harmoniyasının olması, qadınların
sakit və sabit atmosferin yaradılması üçün bütün keyfiyyətlərə
malik olması bu məsələdə qadınların iştirakını vacib edir”, – deyə
deputat vurğulayıb.

S.Mikayılova qeyd edib ki, Azərbaycanda münaqişənin köklərinin
işğal və müəyyən mənada etnik təxribatlara malik olduğunu nəzərə
alaraq, sülh sazişinin həyata keçirilməsində eyni zamanda
qadınların rolu təşviq edilməlidir.

Teqlər: