Ümumdünya Gömrük Təşkilatının Bakıda yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində “Qaçaqmalçılığa qarşı mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsinin prioritetləri” mövzusunda vebinar keçirilib.
Dövlət Gömrük Komitəsindən AzerTimes-a verilən məlumata görə, tədbiri sözügedən regional ofis təşkil edib. Vebinara Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşları da daxil olmaqla, Ümumdünya Gömrük Təşkilatının Avropa regionu üzrə 21 ölkənin gömrük administrasiyalarının 70-dən artıq nümayəndəsi qatılıb.
Məqsəd qaçaqmalçılıq hallarının qarşısının alınması və bu istiqamətdə görüləcək təsirli tədbirlər, beynəlxalq əməkdaşlıq və istintaq strategiyalarının təşviqi məsələlərini, eləcə də əldə olunan son nailiyyətləri nəzərdən keçirmək olub.
Tədbirdə giriş sözü ilə çıxış edən ÜGT Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin rəhbəri Eser Çengel qaçaqmalçılığa qarşı mübarizə istiqamətində qarşılıqlı əlaqələrin və regional müzakirələrin strateji əməkdaşlıq səviyyəsində önəmini qeyd edərək, beynəlxalq səviyyədə koordinasiya işi sahəsində səmərəliliyin artırılmasına töhfə verdiyini bildirib.
Sonra Mərkəzi Asiya Regional İnformasiya-Əlaqələndirmə Mərkəzi (CARICC), BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (UNODC) və Cənub-Şərqi Avropa Hüquq Mühafizə Mərkəzinin (SELEC) ekspertləri çıxış ediblər.
Mütəxəssislər təmsil etdikləri təşkilatların fəaliyyəti üzrə təqdimatlarda qaçaqmalçılıqla mübarizə istiqamətində əldə olunan nailiyyətlər, bu mübarizədə gömrük əməkdaşları üçün potensialın gücləndirilməsilə əlaqədar müvafiq təlim mövzuları, beynəlxalq əlaqələrin gücləndirilməsi və qeyd olunan təşkilatlara üzv dövlətlərin gömrük və digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi və koordinasiyası işinin daha effektli şəkildə qurulması üzrə görülən işlər barədə məlumat veriblər.