Pxenyan göndərdiyi ordu əvəzində Rusiyadan nə alacaq?

Pxenyan göndərdiyi ordu əvəzində Rusiyadan nə alacaq?

Şimali Koreya Rusiyaya göndərdiyi qoşunun müqabilində Kremldən düyü və kosmik texnologiya alacaq.

AzerTimes xəbər verir ki, bu barədə Cənubi Koreyanın “Korea Herald” qəzeti ölkənin Rusiyadakı keçmiş səfirinə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, Cənubi Koreya kəşfiyyat komitəsindən məlumat alan Vi Son Lak bildirib ki, əvvəllər Moskva Pxenyana ildə 50 min tondan 100 min tona qədər düyü verirdisə, indi tədarük 600-700 min tona qədər artırılacaq. Şimali Koreya hakimiyyətinin məlumatına görə, Rusiya həmçinin qabaqcıl kosmik texnologiyaya malik yeni kəşfiyyat peykini buraxmağa hazırlaşan Pxenyana kömək edir.

Bununla belə, keçmiş səfirin fikrincə, Moskva ilə razılaşmanın ən mühüm hissəsi Koreya yarımadasında müharibə başlayacağı təqdirdə Pxenyanın Rusiyanın hərbi dəstəyini təmin etməsidir:

“Şimali Koreya, indi hamının bildiyi kimi, Rusiyanın tərəfində vuruşurdu. Koreya yarımadasında nə vaxtsa müharibə başlasa, Şimali Koreya Rusiyanın köməyinə gələcəyinə ümid edə bilər”.

Qeyd edək ki, Ukrayna və Qərb hakimiyyət orqanlarının məlumatına görə, Şimali Koreya Rusiyaya 10 minə yaxın hərbçi göndərib və onlar tezliklə Rusiya-Ukrayna müharibəsinə qatılacaqlar.

Teqlər: