Macarıstanın Baş naziri Viktor Orban qeyri-adi siyasətçidir. Avropada bəziləri onu diktator adlandırsa da, Orban demokratik seçkilərdə qazandığı qələbələrlə hakimiyyətinin ömrünü uzatmağa müvəffəq olub.
AzerTimes xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin analizində bildirilib.
Analizdə qeyd olunub ki, Macarıstan Avropa Birliyinin üzvü olsa da, Viktor Orban bir sıra hallarda Brüssellə kəsişən siyasət yürüdür və açıqlamalar verir:
“Misal üçün Orban Rusiya-Ukrayna müharibəsinin dayandırılması və danışıqlara başlanılmasının tərəfdarıdır. Orban zaman-zaman Ukraynanın siyasətini tənqid edir və Avropanın Ukraynaya dəstəyinin azaldılması tərəfdarı kimi çıxış edir. Viktor Orban eyni zamanda Rusiya Prezidenti Vladimir Putinlə görüşən Avropanın tək lideridir. Avropa Birliyinə üzv olan dövlətlərin digər liderləri Rusiyanın Ukraynaya qarşı başladığı müharibədən sonra Kreml sahibi ilə görüşmür və Rusiya prezidentini ölkələrinə dəvət etmirlər. Viktor Orban Avropa Birliyinin Rusiya əleyhinə siyasəti ilə hesablaşmır. O, sonuncu dəfə Putinlə Çində oktyabrın 17-də görüşüb. Orban Çində keçirilən “Bir kəmər, bir yol” forumunda iştirak edirdi. Putinin özü də Viktor Orban haqqında müsbət fikirdədir”.
“Viktor Orbanın Çinə münasibəti də müsbətdir. Macarıstanın baş naziri hesab edir ki, Çin potensialına görə 30 il ərzində ABŞ-a çatıb və bu dövləti ötməkdədir. Viktor Orban Çinin hamıdan güclü olduğunu iddia edib. Halbuki bu iddia ilə razılaşmayanlar az deyil. Bir qrup iqtisadi ekspert hesab edir ki, Çinin iqtisadi artımı yavaşlayıb və iqtisadi islahatların tempi azalıb. Bu o deməkdir ki, yaxın gələcəkdə Çinin gəlirləri azalacaq. Ancaq bu, Viktor Orbanı az narahat edir. Orban praqmatik siyasətçidir. Onun müxtəlif ölkələrlə formalaşdırdığı münasibətlər Macarıstan iqtisadiyyatının potensilanın artmasına xidmət edir. Ancaq məsələ burasındadır ki, Budapeşt eyni zamanda Brüsseldə qəbul edilən ortaq qərarlardan kənara çıxa bilmir. Misal üçün əgər Avropa Birliyinin Rusiya və Çinlə ticarətdə məhdudiyyətləri mövcuddursa, Macarıstan istəsə belə, bu iki ölkə ilə böyük layihələr reallaşdırmaqda çətinlik çəkəcək. Macarıstanın Türk Dövlətləri Təşkilatına müşahidəçi statusunda qatılması da Viktor Orbanın praqmatik maraqlara xidmət edir. Viktor Orban Azərbaycan və Mərkəzi Asiya ölkələrindən neft və qazın nəqlində maraqlıdır. Orban Türk Dövlətləri Təşkilatının Astanadakı toplantısına iki gün əvvəl gəlmişdi. Orbanın məqsədi enerji resursları ilə bol olan Qazaxıstanla ortaq layihələrin müzakirəsi idi”, – şərhdə bildirilib.