“Rosnano” korporasiyasının keçmiş rəhbəri Anatoli Çubays Avropa klinikalarından birində reanimasiyadadır.
AzerTimes xəbər verir ki, bu sözləri teleaparıcı Kseniya Sobçak deyib.
“Çubays reanimasiyadadır, indicə Avdotya ilə danışdım (Çubaysın həyat yoldaşı – red.). Vəziyyəti qeyri-stabildir”, – Sobçak qeyd edib.
O, Anatoli Borisoviçin şəxsi şərhini də dərc edib: “Mən “Guillain-Barre” sindromu diaqnozu ilə Avropa klinikalarından birinə yerləşdirildim. Vəziyyətim orta ağırdır” – mesajda deyilir.
Qeyd edək ki, “Guillain-Barre” sindromu əzələ zəifliyinə, ağrıya və ya uyuşmalara səbəb olan və daha ağır hallarda xəstəlik iflicə səbəb olan bir immunitet sistemi xəstəliyidir.
Məlum olduğu kimi, Çubays Rusiyanı tərk etməzdən bir gün əvvəl Rusiya prezidentinin dayanıqlı inkişaf və beynəlxalq təşkilatlarla əlaqələr üzrə xüsusi nümayəndəsi vəzifəsindən istefa vermişdi. Hakim “Vahid Rusiya” da ölkəni tərk edən Çubaysı “xəyanətdə” ittiham edib.
Rusiyada özəlləşdirmənin “atası” hesab olunan Anatoli Çubaysın həbs oluna biləcəyi haqda iddialar da var. Belə ki, “Rosnano”nun yeni rəhbəri Sergey Kulikov Baş Prokurorluğa müraciət edərək qurumun 2010-cu ildən 2020-ci ilə qədər fəaliyyətini yoxlamaq xahişi ilə məktub göndərib. Bu illərdə isə “Rosnano”ya Çubays rəhbərlik edib. Bundan əlavə, Hesablama Palatası “Rosnano”da 513 milyon rubl zərər aşkar edib – auditorlar bunu “fırıldaqçılıq əlamətləri“ hesab edirlər. Bundan əlavə, şirkət qaytarılmayan 10 milyard rubl kredit alıb.
TASS hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən xəbər verir ki, Rusiya hüquq-mühafizə orqanları “Rosnano”nun keçmiş rəhbəri Anatoli Çubaysın Avropa banklarında gizlədilmiş hesabları barədə məlumatları yoxlayır. Mənbənin sözlərinə görə, hazırda hüquq-mühafizə orqanları Çubaysın ətrafından olan insanları dindirir.
Güc strukturları Çubaysın Avropa banklarında gizli hesablarında bir neçə milyard ola biləcəyini güman edir. “Ola bilsin ki, bu pullar qeyri-qanuni yolla əldə olunub” deyə, agentliyin mənbəsi bildirib. Bundan əvvəl isə Rusiya mediası Çubaysın Peredelkini kəndindəki villası haqda yazmışdı. Ekspertlər bu əmlakın dəyərini 2 milyard rubldan (25 milyon dollar) baha qiymətləndirirlər. Çubaysın istefasında Putinin İsveçrədə gizlənmiş düşməni Mixail Xodorkovskinin yaydığı bir videomüraciətlə də əlaqələndirirdilər. Xodorkovski qısa videosunda Çubays da daxil bir neçə oliqarxın adını çəkərək onları Ukrayna məsələsində qəti mövqe ortaya qoymağa çağırmışdı. “Əks halda siz mənim düşmənimsiniz, inciməyin” deyə, Xodorkovski müraciətinin sonunda bildirmişdi.
Anatoli Çubaysın əvvəl Türkiyədə olduğu deyilsə də, daha sonra onun İsrailə yerləşdiyi təsdiqlənmişdi.