Putinin Ukrayna ilə bağlı yeni planı

Putinin Ukrayna ilə bağlı yeni planı

Aydın məsələdir ki, belə çıxışlarla Rusiya Ukraynada hakimiyyət daxilində çat yaratmaq istəyir.

Bu sözləri AzerTimes-a Vladimir Putinin Peterburq Beynəlxalq İqtisadiyyat Forumunda çıxışı zamanı Zelenskinin hakimiyyətinin qeyri-legitimliyi haqqında sözləri barədə danışan siyasi şərhçi Turab Rzayev deyib.

Siyasi şərhçi Moskvanın Kiyevdə hakimiyyət daxilindəki boşluqlardan yararlanmaq niyyətində olduğunu bildirib:

“Artıq Ukraynada prezident seçkilərinin vaxtı keçib və yəqin ki, qarşıdakı yaxın müddətdə müharibə ilə əlaqədar seçkinin keçirilməsi təxirə salınacaq, Zelenskinin səlahiyyət müddəti uzanacaq. Ancaq seçkilər keçirilsə, Rusiyaya yaxın birinin hakimiyyətə gəlmə ehtimalı var. Yaxud da daxildə çaxnaşma, fikir ayrılıqları yaransa, Ali Radanın sədri və ya baş nazir mövcud prezidentin öz legitimliyini itirdiyini, hakimiyyəti öz əlinə aldığını bildirə bilər. Vladimir Putin verdiyi açıqlamalar zamanı hər iki ehtimalı nəzərə alıb”.

Turab Rzayev Rusiyanın ona qarşı ikinci cəbhə açılmadan özünə sərfəli sülh şərtləri formalaşdırmaq istədiyini vurğulayıb:

“Digər tərəfdən ABŞ başda olmaqla Qərb ölkələrinin Ukraynanı yeni silah sistemləri, qırıcı təyyarələr ilə təmin etmək mərhələsi başlayıb. Zelenskinin Normandiyadakı anım mərasiminə çağırılması da təsadüfi deyil. Məqsəd Rusiyaya qarşı başlayacaq yeni hücumu ikinci cəbhənin açılmasının əhəmiyyəti ilə eyniləşdirmək, buna tarixi və mənəvi baxımdan zəmin hazırlamaqdır. Yəni əslində Normandiya əməliyyatının 80-ci ildönümü ilə bağlı keçirilən tədbiri həm də Ukrayna müharibəsində başlayacaq yeni mərhələnin təqdimat mərasimi kimi də dəyərləndirə bilərik. Əlbəttə, Rusiya da qarşıdan gələn bu təhlükəni görür, tezliklə qazandıqlarını, nüfuzunu itirmədən sərfəli şərtlərlə sülh müqaviləsini imzalamaq istəyir. Lakin Zelenski ilə indiki mərhələdə razılaşma əldə etmək mümkün deyil. Çünki bir dəfə İstanbulda belə razılıq əldə edildi, lakin İngiltərənin keçmiş baş naziri Boris Consonun birbaşa müdaxiləsi ilə onu reallaşdırmaq mümkün olmadı. İndi də razılıq əldə olunsa belə, oxşar hadisə yaşana bilər. Ona görə də Zelenskinin iqtidardan getməyini istəyirlər”.

Teqlər: