Bəli, o, Monqolustana getdi, onu tutmadılar. “Başqa ölkələrə gedirsə, Türkiyəyə niyə gəlmir” kimi mövzularda müzakirələr çox gedir.
Bu sözləri AzerTimes-a türkiyəli təhlükəsizlik üzrə ekspert Abdullah Ağar Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfərini dəfələrlə ertələnməsinin səbəbləri haqqında danışarkən deyib.
Ekspert Putinin Türkiyəyə gəlmək üçün təyyarəsinin Rusiya qırıcıları tərəfindən qorunması şərtini irəli sürdüyü haqda yayılan məlumata da münasibət bildirib:
“Putin təyyarəsinin Qara dənizdən uçarkən Ukrayna, xüsusilə Ukraynanın qalib gəlməsini istəyən qüvvələr tərəfindən vurulması ehtimalının yüksək olduğunu anlayır. Çünki Putinin təhlükəsizliyini həyata keçirən komanda hər cür imkanları nəzərdən keçirməli və riskləri aradan qaldırmalıdır. Bəlkə də dünya bu haqda çox şey bilmir. Təhlükəsizlik işlərində bürokratiya çoxdur. Bütün riskləri və imkanları açıb ortaya qoyur və Putinə və ya başqa hər hansı prezidentə açıqlama verilir ki, sizin belə səyahət etməyiniz düzgün deyil, risklidir. Buna görə də Putin və onun adından bu qərarı verənlər ola bilsin ki, belə bir riskə getməyiblər və təhlükəsizlik tədbirləri ilə bağlı müəyyən şərtlərini də dilə gətiriblər”.
Ekspert qeyd edib ki, Putinin Türkiyə səfərinin baş tutmaması siyasi məqsəd üçün də istifadə oluna bilər:
“Nəticə etibarı ilə Rusiya belə bir fikir formalaşdırmağa çalışa bilər ki, Türkiyə Putinin təhlükəsizliyini təmin edə bilmir. Çünki Türkiyə-Rusiya münasibətləri çox da standart, sabit deyil. Türkiyə ilə Rusiya arasında situasiyadan asılı olaraq dəyişən çox təlatümlü münasibətlər var. Ukrayna savaşı Moskva və Ankara arasında münasibətlərə çox təsir edir. Türkiyə Ukrayna-Rusiya və Rusiya-NATO arasında balanslı siyasət və strategiya tətbiq etməyə çalışır. Bu da çox asan deyil. Bu zaman çərçivəsində müxtəlif kövrəklik ola bilər. Krım məsələsində Türkiyənin mövqeyi bəllidir. Bu da münasibətlərə təsir edə bilərmi? Düşünürəm ki, bəli!”
Qeyd edək ki, “Middle East Eye” nəşri mənbələrə istinadla Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə gedərkən təyyarəsinin qırıcılarla müşayiət olunması şərtini irəli sürdüyü haqda məlumat yayıb.