Rusiya sülh danışıqlarında Kiyevin əlindən qiymətli sövdələşməni almaq üçün Donald Trampın andiçmə mərasimindən əvvəl Kursk bölgəsini geri qaytarmağa çalışır.
AzerTimes xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” yazıb.
Ukraynalı döyüşçülərin nəşrə verdiyi açıqlamalara görə, ruslar mövqelərə elə şiddətlə hücum edirlər ki, bəzən hücumda həlak olan yoldaşlarının cəsədləri üzərindən keçirlər.
“Onlar daim – səhər, günorta, gecə hücum edirlər”, – Ukrayna ordusunun 47-ci mexanikləşdirilmiş briqadasının batalyon komandiri “Geniy” deyib.
Komandir bildirib ki, təxminən altı həftə əvvəl ruslar zirehli texnikanın köməyi ilə əks-hücum əməliyyatına başlamışdılar. Lakin çoxlu sayda zirehli texnikanı itirdikdən sonra bu strategiyadan əl çəkərək, dyüşçüləri kiçik qruplar halında piyada göndərməyə başlayıblar:
“Üç nəfərin öhdəsindən gəlmək o qədər də çətin deyil, lakin onlar bir-birinin ardınca gələndə bəziləri irəliləməyi bacarır. Bəzən bu, bir neçə metrdir, amma bir neçə həftə ərzində əhəmiyyətli irəliləyiş olur”.
“Geniy” rusların öz itkilərini nəzərə almadıqlarını bildirib:
“Mənim döyüşdüyüm rayonda rusların canlı qüvvəsi Ukrayna ordusunun həmin mövqedə olan qüvvələrindən 3 dəfə, texnika və piyadaların hücumunda istifadə olunan zərbə PUA-ları isə 6 dəfə çoxdur”.
Sucada döyüşən başqa bir ukraynalı hərbçi nəşrə deyib ki, onun olduğu ərazidə Rusiya və Ukrayna qüvvələrinin nisbəti 10-un 1-ədir:
“Rusları saymaq çətindir. Hücum etdikləri sahə cəsədlərlə doludur. Hücum edəndə sözün əsl mənasında yoldaşlarının cəsədlərini tapdalayırlar”.
Nəşr yazıb ki, şərq cəbhəsindən fərqli olaraq, Kurskda döyüşən ukraynalı hərbçilərin təchizatı olduqca yaxşıdır.