Putinin səfəri öncəsi Ərdoğan niyə bu addımları atdı?

Putinin səfəri öncəsi Ərdoğan niyə bu addımları atdı?

Rusiyanın taxıl sazişindən çıxması fonunda Ankra-Moskva xəttində çatların yarandığı fikri ön plana çıxır: bura Azov döyüşçülərinin Kiyevə verilməsi, NATO-nun genişlənməsinin dəstəklənməsi kimi məqamları da daxil etdikdə proses daha da güclənir. Hərçənd, Putinin Türkiyəyə səfərindən öncə Ərdoğanın bu addımları niyə atdığı maraqlıdır və müəyyən qarşılıqlı gedişlərin edildiyi, Ankaranın hər iki cəbhəyə qarşı oynadığı versiyası da görünür.

Birincisi, Türkiyə Rusiyanın istəyinə qarşı çıxmadı;

Rusiya taxıl sazişindəki tələblərinin yerinə yetirilmədiyi üçün dayandırmaq istəyirdi, lakin Türkiyədə prezident seçkilərində Ərdoğanın əlinin zəifləməməsinə görə bunu təxirə salmışdı. Seçkidən sonra Moskva sazişi dayandırdı və Ankara geosiyasi maraqlarına zidd görünsə də, buna qarşı çıxmadı. Moskva bununla 5 istəyinin – “Rosselxozbank”ın SWIFT-ə qaytarılması, kənd təsərrüfatı texnikasının idxalının bərpa edilməsi, rus şirkətlərin istehsalla bağlı xarici aktivlərinin blokadan çıxarılması, sığorta və təkrarsığorta üzrə məhdudiyyətlərinin ləğvi, Tolyatti-Odessa ammonyak boru kəmərinin fəaliyyətinin bərpası – icra edilməsi tələbini yenidən aktuallaşdıra bildi.

İkincisi, Türkiyə hər iki cəbhədə əsas oyunçu rolunu gücləndirir;

Ankara çəkisini yüksəltmək məqsədilə Qərbə Türkiyə olmasa, yaranacaq problemləri xatırladır və bunu taxıl sazişinin bərpası üçün diplomatik addımları ilə göstərir, eyni zamanda, Rusiyanın istəklərinin qəbul edilib-edilməyəcəyi məsələsində vasitəçilik etməklə Moskva qarşısında əhəmiyyətini artırır.

Üçüncüsü, Azov döyüşçülərini qaytarmaqla Moskvaya mesaj ötürdü;

Ankara Moskvanın sazişi dayandıracağını bilirdi və bundan öncə Azov döyüşçülərini Ukraynaya qaytarmaqla həm Kiyevə jest etdi, həm də Moskvaya ata biləcəyi addımlarla bağlı mesaj verdi. Bu, həm də NATO sammiti öncəsi Qərbə antirusiya mövqeyinin nümayiş etdirilməsi baxımından əhəmiyyətli idi.

Beləliklə, taxıl sazişi böhranında Ərdoğan Qərb və Rusiya arasında Türkiyəni yenidən ön plana çıxardı. Bu, Ankaranın Qərbdən istədiklərini ala bilməsi ilə yanaşı, Rusiya ilə də Cənubi Qafqaz da daxil olmaqla müxtəlif coğrafiyalarda siyasi bazarlıq aparmaq imkanlarını da genişləndirir.

Taxıl sazişi ətrafında baş verənlər isə təkcə siyasi yox, hərbi gərginliyi də artıracaq. Xüsusilə Ukraynanın Rusiya olmadan prosesi davam etdirmək planı Qara dəniz üzərində ciddi toqquşma risklərini aktuallaşdırır.

Xatırladaq ki, Rusiya artıq 20 iyuldan etibarən Qara dənizdə Ukrayna limanlarına yaxınlaşacaq bütün gəmiləri potensial hərbi sursat daşıyıcısı kimi görəcəyi barədə rəsmi açıqlama yaydı.

Teqlər: