25 may tarixində Azərbaycan Prezidenti İlham Əliyev Moskvada keçirilən Ali Avrasiya İqtisadi Şurasının geniştərkibli iclasında qonaq qismində iştirak etmişdi. İlham Əliyevin həmin iclasda iştirakı həm Azərbaycan-Ermənistan münasibətləri, həm də geosiyasi proseslərin sürətli inkişafı prizmasından diqqət cəlb edir.
Görüşün nəticələrini və ya nəticəsizliyini müəyyən etmək üçün siyasi-diplomatik fon çox böyük rol oynayır.
Siyasi faktor
Xankəndi-Laçın yolunda Azərbaycanın sərhəd postunun quraşdırılması Rusiyanın Qarabağda manevr imkanlarını kəskin azaltmış oldu və bu hadisə, yumşaq desək, Rusiyanı sevindirmədi. Qərb (Vaşinqton, Brüssel) platformasında Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində prosesin inkişafı Rusiyanın maraqlarına ziddir və danışıqları pozmaq üçün əlində qalan azsaylı alətlərdən biri Qarabağda yerləşən sülhməramlılar və proksi-qüvvəsi hesab olunan erməni əsilli qanunsuz silahlı dəstələrdir. Məhz Rusiya tərəfindən silahlandırılan erməni əsilli qanunsuz silahlı dəstələrin təxribatları vasitəsilə Azərbaycan və Ermənistana danışıqlar üçün “Moskva platforması”na qayıtmaq mesajları verilirdi və bu baxımdan Xankəndi-Laçın yolunda sərhəd-buraxılış məntəqəsinin quraşdırılması Rusiyanın siyasi manevr imkanlarını azaltdı.
Diplomatik faktorlar
1. 20 may tarixində ABŞ Prezidenti Cozef Bayden İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərdi. Bu məktub heç də Ağ Ev dəftəxanasında hazırlanan hər bayram münasibətilə şablon təbriki deyildi, məktubda çox ciddi mesajlar verilmişdi. Azərbaycanın Rusiya ilə həmsərhəd olması və rus sülhməramlı kontingentinin Azərbaycan ərazisində yerləşməsinə baxmayaraq, Bayden açıq mətnlə bildirdi ki, Azərbaycan ABŞ-la bir yerdədir:
“Xüsusən, Rusiyanın Ukrayna xalqına qarşı qəddar müharibəsi dövründə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində biz bir yerdə olmuşuq”.
Bu sözlər dünyanın fövqəldövlətinin lideri tərəfindən deyilib – əsassız deyil. Bu, həm də İlham Əliyevin geosiyasi reallığı düzgün qiymətləndirərək siyasi arenada atdığı çox ciddi addımların nəticəsidir.
2. 22 may tarixində İlham Əliyev Litvaya səfər edərək Prezident Gitanas Nauseda ilə görüşdü. Görüş zamanı Nauseda Azərbaycan və Litvanın Ukraynada baş verənlər fonunda, ələlxüsus Rusiyanın sanksiyalardan yayınmaq cəhdlərinin qarşısının alınması istiqamətində daha sıx əməkdaşlıq etməli olduğunu bildirdi.
Nauseda əlavə etdi ki, Azərbaycanla əməkdaşlıq Avropa Birliyinin Şərq Tərəfdaşlığı proqramı çərçivəsində inkişaf etdirilməlidir. Nəzərə almalıyıq ki, Litva bu gün dünyada qəti antirusiya mövqeyilə fərqlənən sayılıb-seçilən ölkələrdən biridir.
Əliyev-Paşinyan
Görüş zamanı Nikol Paşinyan əsassız ittihamlar səslindirdi və İlham Əliyev bu ittihamlara dərhal beynəlxalq hüquqa söykənən cavablar verdi. Polemikanın sonunda Putinin dediyi sözlər diqqəti cəlb edir: “Prinsipial məsələlərdə, ərazi bütövlüyünün tanınması məsələsində razılıq əldə olunub”.
Vaxtı ilə “Dağlıq Qarabağın status məsələsi gələcək nəsillərin işidir” deyən Putin bu gün “ərazi bütövlüyünün tanınması məsləsində razılıq əldə olunub” deyir. Bu prisipial məsələdir və regionda dondurulmuş münaqişələrin mövcudluğunu qoruyan Rusiya üçün fiaskodur.
Dünənki iclasın və üçtərəfli (Əliyev, Putin, Paşinyan) görüşün nəticələrini də məhz siyasi-diplomatik fon müəyyən etdi. İlham Əliyev postputin dövrünə və 2025-ci ildə Rusiya sülhməramlıların Qarabağı tərk etməsinə hazırlaşır. Bu baxımdan üçtərəfli görüşün cəmi 20 dəqiqə davam etməsi təəccüblü deyil. Azərbaycan və Ermənistan arasında danışılası mövzular, həllini gözləyən problemlər çox olsa da, Rusiyanın siyasi nüfuzu ancaq 20 dəqiqəlik danışıqlara yetərlidir.
Vaşinqtonda 4 gün, Moskvada 20 dəqiqə…