Rusiya Prezidenti Vladimir Putinin çıxışı demək olar ki, bütün dünyada, xüsusilə də Qərbdə diqqətlə izlənilirdi. Onun Rusiya-Ukrayna müharibəsi fonunda ölkəsinin Strateji Hücum Silahlarının Azaldılması və Məhdudlaşdırılması üzrə Müqavilədə (START) iştirakını dayandırması dünya mediasında bomba effekti yaratdı. Rusiya liderinin bəyanatına reaksiya özünü çox da gözlətmədi.
AzerTimes xəbər verir ki, Qərbdə Putinin çıxışını şərh edən ilk siyasətçi ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Sallivan olub.
“Heç kim Rusiyaya hücum etmir. Rusiyanın Ukrayna və ya başqası tərəfindən hansısa hərbi təhdid altında olması fikrində absurdluq var”, -Sallivan vurğlayıb.
Oxşar tonda digər qərbli siyasətçilər də fikir səsləndiriblər. Qəribədir ki, onlar Rusiyanın START-da iştirakını dayandırmaq qərarını pislənməyib, sadəcə, təəssüflə qarşıladıqlarını bildiriblər.
Lakin Latviya XİN rəhbəri Rinkeviç bir qədər sərt tonda Kremlin START-da fəaliyyətini dayandırmasına cavab olaraq, Ukraynaya dəstəyin artırılmasına, Rusiya və Belarusa təzyiq göstərilməsinə çağırış edib.
NATO Baş katibi də Rusiyanın START-da fəaliyyətini dayandırmasını narazılıqla qarşılayıb:
“Rusiyanın müqavilədə iştirakını dayandırmaq qərarından təəssüflənirəm. Bugünkü qərarla bütün silahlara nəzarət arxitekturası söküldü. Mən Rusiyanı qərarını yenidən nəzərdən keçirməyə çağırıram”.
Ağ Ev isə Rusiyanın qərarı ilə bağlı hələlik heç bir tədbir görmək niyyətində deyil:
“Hələlik strateji nüvə qüvvələrinin hazırlığını dəyişmək üçün heç bir səbəb görmürük. Lakin biz vəziyyəti hər gün diqqətlə izləyirik”.
Böyük Britaniya və Fransa liderləri Putinin çıxışına hələ də reaksiya verməyib.
İtaliyanın Baş naziri Melonini isə Putinin çıxışını təbliğat adlandırıb:
“Başqa sözlər gözləyir, başqa addımlar atılmasına ümid edirdim”.
Yeri gəlmişkən, sözügedən müqavilə Rusiya ilə ABŞ arasında 2010-cu ilin aprelin 8-də imzalanıb. Müqavilə hər bir tərəfin strateji hücum silahlarını azaltmasını və məhdudlaşdırmasını nəzərdə tutur. Razılaşmaya əsasən qitələrarası ballistik raketlərin sayı 700 ədəd, nüvə başlıqları 1550 ədədə qədər azaldılmalıdır.