Aleksandr Lukaşenko ölkəyə dolan vaqnerçilərlə nə edəcəyini bilmir və Rusiya Prezidenti Vladimir Putinin isə muzdlularla bağlı çox konkret planları var.
AzerTimes xəbər verir ki, bunu Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya deyib.
“Heç kim “Vaqner”in Belarusda olmasının əsl məqsədini dəqiq bilmir. Muzdluların 14-cü kolonu bu yaxınlarda gəlib və gəlməkdə davam edir. Belarusda 3800-4000 nəfər vaqnerçi var. Bütün bunlar Kremlin koordinasiya etdiyi əməliyyata bənzəyir. Bir daha təkrar edirəm, Lukaşenko özü də bununla nə edəcəyini bilmir. O, sadəcə olaraq fakt qarşısında qalıb və xidmət etməkdən məmnundur”, – Tixanovskaya bildirib.
Onun sözlərinə görə, vaqnerçilər müxtəlif məqsədlər üçün istifadə oluna bilər:
“Onlar Polşa və Litvaya qarşı təxribatda istifadə oluna bilərlər. Lukaşenko ümid edir ki, vaqnerçilər ona qorunmağa kömək edəcəklər. Amma vaqnerçilər Kremlin Belarusa nəzarət etməsi üçün bir vasitədir”.