Sentyabrın 30-da Slovakiyada keçiriləcək parlament seçkilərində rusiyayönlü baxışları ilə tanınan Robert Fitso hakimiyyətə qayıda bilər.
AzerTimes xəbər verir ki, bu barədə Britaniyanın “Qardian” qəzeti məlumat yayıb.
“Əgər rəy sorğuları düzgün çıxsa, bu, ölkənin Rusiyaya dəstək kursunun əhəmiyyətli dərəcədə dəyişməsinə gətirib çıxara bilər. Bu o deməkdir ki, AB və NATO-nun tezliklə yeni bir problem yaradan tərəfi olacaq. Çexoslovakiyanın dağılmasından sonra Bratislava tez-tez Qərb liderlərinin tənqid hədəfinə çevrilirdi. ABŞ-ın keçmiş dövlət katibi Madlen Olbrayt hətta Slovakiyanı regionda “qara dəlik” adlandırıb. Lakin zaman keçdikcə ölkə AB və NATO-nun bir hissəsinə çevrildi”, – məlumatda deyilib.
Qeyd edək ki, 2006-2010-cu illər və 2012-2018-ci illərdə ölkəni iki dövr idarə edən Robert Fitso tez-tez Qərbi tənqid edib. Jurnalist Yan Kutsiak və nişanlısının qətlinə görə minlərlə insanın etirazından sonra o, istefa verməyə məcbur oldu. Fitso Corc Sorosu etirazları təşkil etməkdə ittiham edib. O, Ukraynanı pisləyib və Slovakiya hökumətinin Kiyevə silah tədarük etmək qərarını tənqid edib.