Gürcüstanın ictimai-siyasi mühitində növbəti qalmaqal baş verib.
AzerTimes yerli mediaya istinadən xəbər verir ki, Rusiya lideri Vladimir Putinə yaxınlığı ilə seçilən iş adamı, gürcü əsilli David Xidaşeli təxminən 4 il ərzində aylıq min lari maaşla Gürcüstan müdafiə nazirinin müşaviri olub.
Yayılan məlumatları Gürcüstan Müdafiə Nazirliyi də təsdiqləyib və bildirib ki, 2020-2024-cü illərdə Xidaşeli əvvəlcə İrakli Qaribaşvili, daha sonra isə Cuanşer Burçuladzenin müşaviri vəzifəsini icra edib.
Burçuladzenin açıqlamasına görə, Xidaşeli Azərbaycanla sərhəddə yerləşən Keşikçidağ məbədi (David Qareci) ilə bağlı məsələhətləşmələrdə iştirak edib və bununla bağlı onun fikirləri də öyrənilib.
Xidaşeli özü də informasiyanı təsdiqləyib. Onun sözlərinə görə, Gürcüstan-Azərbaycan sərhədinin demarkasiyası məsələləri ilə məşğul olub və məsləhətləşmələrə görə heç bir ödəniş almayıb.
Qeyd edək ki, Xidaşelinin belə bir mühüm vəzifəni icra etməsi Gürcüstan müxalif dairələrində etiraz doğurub. Belə ki, dövlət sirri sayılacaq məlumatların Rusiya vətəndaşının əlinə keçə biləcəyindən ciddi narahatlıq ifadə olunub.