Putini bu cür tələyə saldılar: darmadağın edəcək!

Putini bu cür tələyə saldılar: darmadağın edəcək!

2022-ci il 24 fevrala qədər Rusiyanın tələblərindən imtina prosesi gedirdi: Kreml NATO-nun genişlənməsinə qarşı çıxır, xüsusilə Ukraynanın Qərbin nəzarətinə keçməsini qəbuledilməz adlandırır, Minsk razılaşmalarının pozulmasına qəti etiraz edirdi.

Sonradan Minsk razılaşmalarının Rusiyaya bir tələ olduğu üzə çıxdı. Razılaşmaların altında “dxr” və “lxr”in imzası olmasına baxmayaraq, Ukrayna inadla bu müqavilənin icrasından imtina etdi.

Almaniyanın keçmiş kansleri Angela Merkel bir neçə ay öncə etiraf etdi ki, bu razılaşma Rusiyanı aldatmaq və Ukraynaya vaxt qazanmaq üçün düşünülmüşdü və o imzalananda belə icra edilməyəcəyi Kiyevlə razılaşdırılmışdı.

Çünki 2014-cü ildən başlayaraq Qərb Ukraynanı sürətlə hazırlayırdı: silahlar verilir, iqtisadi dəstək göstərilir, ordu modernləşdirilirdi.

Bu prosesi Rusiya da müşahidə edirdi və dəfələrlə bu barədə ən yüksək kürsülərdən danışıb, “zəmanət” tələb etdi – ancaq xüsusilə 2021-ci ilin dekabrında Kremlin “ən son xəbərdarlığından” belə imtina edildi.

Rusiya müharibəyə sürüklənirdi və Qərb texnoloqları olduqca ağıllı işləyirdilər: Putinin qürurunun bu müharibənin başlanmasına gətirib çıxaracağını dəqiq hesablamışdılar.

Hazırda bəzi politoloqlar Rusiyanın müharibəyə cəlb olunduqdan sonra hərbi qüdrətinin mif olduğu, əslində rus ordusunun heç də güclü olmadığının üzə çıxdığını bildirir və təzyiqlərin artmasını da bununla izah edir.

Bu, əlbəttə ki, ABŞ mərkəzli Qərbin kəşfiyyatı haqda yanlış qənaətdir. Qərb Rusiyanın imkanlarını, hərbi və iqtisadi gücünü çox yaxşı hesablayırdı. Rusiyanın provokasiyaya getməyə meyilli olduğunu da 2008-ci il Gürcüstan olaylarında müşahidə etmişdi. Ancaq həmin vaxt açıq hərəkətə keçməmişdi – nə sanksiyalar tətbiq edilmişdi, nə də Gürcüstana ciddi hərbi dəstək göstərilmişdi.

Səbəb qətiyyən Gürcüstanı Rusiyaya güzəştə getməyə hazır olmaq istəyi deyildi. Gürcüstan – sadəcə, Rusiyanın nəbzini yoxlamaq üçün lazım idi, çünki bu ölkə Rusiyaya ciddi müqavimət göstərilməsi meydanı ola bilməzdi. Gürcüstanın əhalisi 3,5 milyon, ərazisi 69,7 min kv.km-dır ki, onun da 13 min kv.km-ya yaxın hissəsinə nəzarət etmir (Cənubi Osetiya və Abxaziya). Yuvarlaq götürsək, 55 min kv.km ərazi, 3,5 milyon əhali, 35 min civarında ordu, 290 milyon dollarlıq hərbi büdcə ilə Rusiya kimi qüdrətli ölkəyə müqavimət dərhal fiaskoya uğraya bilərdi – necə ki, beşgünlük savaşda rus tankları artıq Tiflisin bir addımlığına dirənmişdilər: heç bir ballistik, qanadlı, hipersəs raketdən istifadə etmədən, adi tank, artilleriya və piyadalarla…

Rusiyanı geniş meydana çəkmək lazım idi – məsələn, Avropanın ərazi baxımından ən böyük dövlətinə, Ukraynaya. Üstəlik, Ukrayna logistika baxımından da böyük ölçüdə (Gürcüstandan fərqli olaraq) Avropaya söykənmişdi – xüsusilə şəxsi heyətinə görə Avropanın ən güclü silahlı qüvvələrinə malik Polşaya!

Ümumilikdə Luqansk və Donetskin sahəsinə bərabər olan Gürcüstandan fərqli olaraq, Ukrayna 600 min kv.km-ya sahibdir, əhali 44 milyon, ordu 280 min, hərbi büdcə 5,5 milyard dollar idi (Bu, 2014-cü il rəqəmləridir, hazırda bu rəqəmlər 3 dəfə artıb).

Rusiya bu böyük ərazidə ilk toqquşmadaca ciddi “qan itkisi” yaşadı: məlum oldu ki, Ukrayna 8 ildir gecə-gündüz, gizli şəkildə bu savaşa hazırlaşır.

Ukrayna qüvvələri sürətlə geri çəkilib, Rusiya ordusunun daha geniş ərazilərə yayılması və arxa cəbhə ilə əlaqələrinin zəifləməsinə imkan verdi. Nəticə özünü çox gözlətmədi, Rusiya bu böyük ərazini nəzarətdə saxlamaq üçün hücuma keçdiyi 150-200 minlik ordu deyil, milyonluq ordu lazım gəldiyini anladı. Ona görə də “yerli əhali tərəfindən dəstək gördüyü” ərazilərə çəkilmək ən doğru seçim olaraq göründü.

Ancaq bu zaman xarici legionlar da daxil, ciddi müqavimətlə üzləşdi.

Qərb əvvəlcədən hesabladığı kimi, “Rusiyanı tükəndirmə savaşı” aparır, ona görə bütün silahlarını dərhal vermir. O, Ukraynanın müqavimət göstərəcəyi qədər yardım edir, Rusiya ərazisinə hücuma qəti şəkildə qarşı çıxır(dı). O vaxta qədər ki, Rusiya texnikasının əhəmiyyətli hissəsini itirdi, raketlərinin 80 faizini istifadə etdi.

ABŞ bu savaşa qədər Rusiyadan enerji asılılığını da azaltmaq istiqamətində əhəmiyyətli addım atmışdı. BMT TŞ üzvü, bu savaşda Ukraynanın “bir nömrəli müdafiəçisi”, ən strateji silahları verməklə ilklərə imza atıb, NATO ölkələrini ardınca həvəsləndirən Britaniyanın 44 günlük savaşda qəti şəkildə yanımızda olduğunu unutmayaq: Bakı Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş olduğunu çoxdan sübut etmişdi, axı!

Yəni hər şey – Rusiyanın bütün təsir imkanları, gəlirləri, ordusu, hərbi gücü bircə-bircə hesablanmış, ona uyğun tədbirlər alınmışdı. Hələ Rusiya 24 fevralda deyil, bircə il gec başlasaydı, daha ağır nəticələrlə üzləşəcəkdi.

Plan addım-addım icra edilir: həm sanksiyalar, qaz kəmərlərinin sıradan çıxarılması, əmlakların dondurulması, həm sərhədyanı ərazilərə hücum, Moskvaya qədər dron zərbələri…

İndi artıq Ukrayna hücuma keçə və müharibəni Rusiya ərazisinə daşıya bilər – biz bunu müşahidə edirik. Bu zaman Ukraynaya müxtəlif adlar altında “legionlar” da yardım edir – o legionların hardan maliyyələşdiyi və hansı texnikalardan istifadə etdiyi göz qabağındadır.

F-16-lar da düşünülmüş surətdə gecikdirildi, Rusiyanın HHM sistemləri tam şəkildə öyrənildikdən, hava qüvvələrinin imkanları zəiflədikdən sonra hazırda açıq şəkildə, meydanoxuyurmuşcasına elan edirlər: Verəcəyik!

Rusiya planlı şəkildə siyasi-diplomatik meydanda təkləndi, onun “qırmızı xətləri” qəsdən tapdalandı, Rusiyanın fövqəldövlət iddialarına heç bir məhəl qoyulmadı. İddialı və qürurlu Putin müharibəyə sürükləndi.

Putinin heç bir seçimi qalmamışdı: ya döyüşmədən təslim olmalı, ya da döyüşərək heç olmasa nəyəsə ümid etməli idi.

ABŞ və Britaniya 1945-ci ildə SSRİ-nin 40 milyon qurbanla əldə etdiyi mövqeləri geri almaq üçün onillərdir çalışır: SSRİ-ni, QİYŞ-i dağıtmaqla birinci mərhələni başa vurub, dərhal Rusiyanın təsir dairəsini baltalamağa keçiblər.

Rusiya mövqelərini qorumaq üçün İkinci Dünya müharibəsindəki qədər qurban verməyə hazırdır, ancaq buna imkanı yoxdur, əhali sayı kifayət etmir, heç onun ondabiri qədər də itki verə bilməz.

Böyük oyundur!

Putin bu oyunu pozmaq üçün son cəhdini edir, heç olmasa, Rusiyanı qorumaq üçün. Buna görə ən ağır qərarlar verilir: Kaxovka SES bu dəhşətlərdən növbətisidir. Zaporojye AES kimi dəhşətə əl atmayacağına kimsə qarant verə bilməz.

Putin geri çəkilmək məcburiyyətində qalacaq – ancaq bütün dünya ölkələrinə dağıdılmış Ukraynanı görk qoyacaq…

Teqlər: