Ukrayna xüsusi xidmət orqanları 23 apreldə Vladimir Putini kamikadze PUA-sı ilə öldürməyə çalışıb. Sui-qəsd cəhdi uğursuz olub. Faktı Rusiya hakimiyyəti gizli saxlayır.
AzerTimes xəbər verir ki, belə bir iddia ilə Almaniyanın “Bild” nəşri çıxış edib.
Məlumatda qeyd edilib ki, bazar günü günortadan sonra Ukraynadan “UJ-22” pilotsuz təyyarəsi havaya qalxıb. İlkin iddialara görə, məqsəd Ukrayna sərhədlərindən 500 km aralıda yerləşən Moskva vilayətinin Luxovitski rayonundakı Rudnevo Sənaye Parkını vurmaq olub.
Ancaq yazıda Ukrayna xüsusi xidmət orqanlarına yaxınlığı ilə bilinən aktivist Yuri Romanenkonun sui-qəsd cəhdini təsdiqləyən məktubuna da yer verilib. Məktubda Ukrayna kəşfiyyatçılarında Vladimir Putinin də həmin gün Rudnevo Sənaye Parkına gedəcəyi haqqında məlumatın olduğu bildirilib.
“UJ-22” PUA-sı Moskvanın şərqində yerləşən Voroskoye kəndi yaxınlığında vurulub. Rusiya mətbuatı da həmin yerdə PUA qəzası ilə bağlı informasiya yayıb. PUA-nın düşdüyü ərazi sözügedən sənaye parkından 20 km şərqdə yerləşir. Sui-qəsd üçün PUA-nın üzərində 30 ədəd C4 partlayıcı bloku quraşdırılıb. Partlayıcı maddələrin ümumi çəkisi 17 kq olub.
Qeyd edək ki, “UJ-22” Ukrayna istehsalı olan ortamənzilli PUA-dır və 800 km uçuş məsafəsi var.