Rusiya prezidenti Vladimir Putin avtomobillərdən qanunsuz zibil atmağa görə cəzaları sərtləşdirən qanun imzalayıb.
AzerTimes xəbər verir ki, sənəd cümə axşamı Rusiyanın rəsmi hüquqi informasiya portalında dərc olunub.
Yeni qaydalar Rusiya İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilir.
Belə ki, Rusiya vətəndaşlarına avtomobillərdən, motosikletlərdən və onların qoşqularından istehsal və istehlak tullantılarının yanlış yerə atılmasına görə 10.000-dən 15.000 rubla qədər cərimə tətbiq edilir. Bənzər inzibati xətaya görə, vəzifəli şəxslər 20 mindən 30 min rubla qədər, hüquqi şəxslər üçün isə 30 mindən 50 min rubla qədər cərimə tətbiq edilə bilər. Təkrar pozuntulara görə cərimələr ikiqat artırılacaq. Eyni zamanda, vəzifəli və hüquqi şəxslərə zibilin atıldığı nəqliyyat vasitəsinin müsadirə edilməsi imkanı nəzərdən keçirilir.
Yük maşınları, qoşqular, traktorlar və digər özüyeriyən maşınlardan istifadə etməklə sözügedən inzibati xəta törədildikdə vətəndaşlar 40.000-dən 50.000 rubla qədər cərimə edilə bilər. Analoji qayda pozuntusuna görə vəzifəli şəxslər üçün 60.000-dən 80.000 rubla qədər, hüquqi şəxslər üçün – 100.000-dən 120.000 rubla qədər cərimə tətbiq ediləcək. Qanun pozuntusu təkrar törədildikdə, vətəndaşlar üçün cərimə 60 min rubldan 70 min rubla qədər, vəzifəli şəxslər üçün nəqliyyat vasitəsinin mümkün müsadirəsi ilə 80 mindən 100 min rubla qədər, hüquqi şəxslər üçün isə həmçinin nəqliyyat vasitələrinin müsadirəsi ilə 150 mindən 200 min rubla qədər cərimə tətbiq edilə bilər.