Rusiya Prezidenti Vladimir Putin Rusiya Federasiyasının Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında qanunu imzalayıb.
AzerTimes xəbər verir ki, dəyişikliyə əsasən, fərarilər və çağırışa baxmayaraq hərbi xidmətə getməyən əsgərlər 10 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaqlar.
Sənəd hüquqi informasiyanın rəsmi internet portalında yayımlanıb.
Bildirilir ki, döyüş əməliyyatlarında iştirakdan imtinaya görə 3 ilədək, bu, “ağır nəticə”lərə səbəb olduqda isə 10 ilədək azadlıqdan məhrumetmə gözlənilir. Səfərbərlik dövründə fərariliyə görə 15 ilə qədər həbs cəzası veriləcək.
Qanun həmçinin xəstəlik göstərərək, özünü şikəst etməklə, sənədləri saxtalaşdırmaqla və ya digər saxtakarlıqla vəzifə borcunu yerinə yetirməkdən imtina edən hərbçiyə 5 ildən 10 ilədək həbs cəzası nəzərdə tutur.
Xatırladaq ki, sentyabrın 21-də Rusiya Prezidenti Vladimir Putin ölkədə qismən səfərbərlik elan edib. Bununla bağlı sərəncam artıq imzalanıb və Kremlin saytında dərc olunub. Səfərbərlik fəaliyyətləri sentyabrın 21-dən başlayıb.