Rusiya və Türkiyə prezidentlərinin Almaniyanın Hamburq şəhərində keçirilən görüşü başa çatıb.
Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın görüşü bir saat davam edib.
Görüşün ancaq qısa bir hissəsi mətbuata açıq olub. Türkiyənin dövlət başçısı “hər şeydən öncə çox fərqli bir G-20 sammiti yaşayırıq” deyə bildirib.
Türkiyə-Rusiya əlaqələrinin bölgədə müsbət dəyişikliklərə səbəb olduğuna işarə edən Ərdoğan bu münasibətlərin dünyaya nümunə ola biləcəyini deyib. “Gözləntilər yüksəkdir. Hər şeydən öncə Suriya, İraq məsələləri ilə bağlı gözləntilərdir”.
Görüşdən öncə qısa açıqlama verən Rusiya prezidenti Vladimir Putin də həmkarına xitab edib və onun sayəsində Suriyadakı vəziyyəti yaxşıya doğru dəyişməyin mümkün olduğunu deyib.
Daha sonra görüş qapalı davam edib.