Putin sülhməramlıları çıxarmaq istəmir: Bakı razılaşacaq?

Putin sülhməramlıları çıxarmaq istəmir: Bakı razılaşacaq?

Putin Rusiya sülhməramlılarının rəsmi olaraq 2025-ci ilin noyabrına qədər Qarabağda qalmalı olduğunu açıqlayıb. Onun “rəsmi olaraq” qeyd etdiyi istinad nöqtəsi 10 noyabr razılaşmasıdır. Hərçənd, antiterror tədbirlərindən sonra 10 noyabr razılaşmasının 4-cü bəndi qüvvədən düşüb:

– Azərbaycan özü erməni silahlı qüvvələrini tərki-silah edir və ərazisindən çıxarır;

– Sülhməramlıların qalma müddəti ilə bağlı qərar verəcək tərəflərdən biri – Ermənistan prosesdən kənarlaşdırılıb.

Azərbaycan sülhməramlıların qalma müddətinin uzadılmasını istəmir, Putinin “2025-ci il” sözlərindən sonra “əlbəttə, bu məsələni tərəfdaşlarımızla dialoq yolu ilə həll etməliyik” qeydi o deməkdir ki, Bakı rus kontingentinin fəaliyyətinin vaxtından əvvəl başa çatmasını, Moskva isə daha iki il qalmasını istəyir. Bu, həm də o deməkdir ki, Rusiya sülhməramlılarının qalma müddətinin uzadılması (2025-ci ildən sonra) artıq gündəmdə deyil, bölgədə bunun üçün praktiki əsaslar da qalmayıb.

Rusiyanın ehtiyac qalmasa da, sülhməramlılarını 2025-ci ilə qədər saxlamaqda məqsədi var:

Birincisi, Bakı və İrəvan arasında vasitəçilik planını davam etdirən Moskvanın əsas istinad nöqtəsi tərəflərin imzaladığı yeganə sənəd olan 10 noyabr razılaşmasıdır: sülhməramlıların vaxtından əvvəl çıxması ümumilikdə bəyanatın legitimliyini sual altında salır;

İkincisi, 10 noyabr bəyanatının legitimliyinin sual altına düşməsi İrəvana kommunikasiyanın açılması öhdəliyindən imtina etmək imkanı yarada bilər və bu, Zəngəzur dəhlizi məsələsi fonunda təkcə ruslara deyil, Bakıya da sərfəli deyil;

Üçüncüsü, Moskva sülhməramlılarını Qarabağdan çıxarıb evə qaytarmaq yox, “sülhə töhfə” adı altında Cənubi Qafqazda saxlamaq niyyətindədir: rus kontingentinin hara köçürüləcəyi hələ də sual altında olsa da, Lavrov bu planlarını açıq şəkildə bəyan etdi: istisna deyil ki, Moskva kontingentinin açılacaq kommunikasiyaların “təhlükəsizliyinin təmin edilməsində” istifadə etmək istəyir və bu məsələlər həll edilənə qədər daha iki il Qarabağda qalmaq niyyətindədir.

Azərbaycanın bununla razılaşması ehtimalı var, xüsusilə iki amil fonunda.

– Ermənistan və Fransa başda olmaqla Qərb cəbhəsi Qarabağa “beynəlxalq missiya”nın daxil olmasını gündəmə gətirir: sülhməramlıların indi çıxarılması Qərb oyunçularının “boşluğu doldurmaq” istəklərinin önünü aça bilər və mümkündür ki, Bakı rus sülhməramlıları bu planlara qarşı istifadə edəcək;

– Bakı Zəngəzur dəhlizi planları fonunda 10 noyabr razılaşmasının legitimliyinin sual altına düşməsini istəmir.

Lakin sülhməramlılar daha iki il qalacaqsa, onların fəaliyyətinin maksimum formallaşdırılması, heç bir “nəzarət zonası”nın qalmaması lazımdır.

Teqlər: