Bu, sadəcə olaraq qiyam cəhdidir. Bunlar Rusiya Müdafiə Nazirliyi ilə dil tapmayan Priqojinin şəxsi ambisiyalarıdır. Beləliklə, o, Rusiyanın maraqlarına, ölən və ləyaqətlə vuruşan döyüşçülərinə də xəyanət etdi.
AzerTimes xəbər verir ki, bunu rusiyalı politoloq Yevgeni Mixaylov deyib.
“Baş verənlər qətiyyən qəbuledilməzdir. Vəziyyət prinsipcə nəzarət altındadır. Bəli, Rostovda çətinliklər var. Cənub Hərbi Dairəsinin qərargahı Priqojin tərəfindən nəzarətə götürülüb. Amma bu, Ukraynadakı döyüşlərə təsir etmir. Sadəcə özünü doğrultmağa çalışır. Qeyd edim ki, üsyanla bağlı artıq cinayət işi açılıb. Bu işə rəhbərlik edənlər cəzalandırılacaq”, – Mixaylov bildriib.
Politoloqun sözlərinə görə, bu hadisə vaqnerçilərə inanan rusları şoka salıb:
“Priqojinin bu yolla Rusiyada nəyisə sübut etməyə çalışacağını heç kim gözləmirdi. Xüsusi xidmət orqanları maksimum dərəcədə vəziyyəti sabitləşdirməyə çalışır. Priqojinin tərəfini tutan hər kəs keçmiş xidmətlərinə baxmayaraq, cəzalandırılacaq. Priqojin özü Rusiya qəhrəmanıdır. Rusiyanın bütün NATO bloku ilə proksi müharibə apardığı belə çətin bir zamanda bu cür addımlar qəbuledilməzdir. Əminəm ki, “Vaqner” əsgərlərinin əksəriyyəti öz liderini dəstəkləməyəcək. Bütün Rusiya fonunda onların sayı o qədər də çox deyil. Ümid edirəm ki, Priqojinin bütün bunları dayandırmaq üçün kifayət qədər ağlı olacaq”.
Mixaylov onu da qeyd edib ki, Putinin hərbi qərargah haqqında hər hansı nəticə çıxaracaq:
“Şoyqu bundan əziyyət çəkməyəcək. Şoyqunun Putinə nə qədər yaxın olduğunu hamımız görmüşük. Prezident isə öz adamlarını atmır. Lakin Putin gələcəkdə oxşar vəziyyətlərin qarşısını almaq üçün nəticə çıxaracaq”.