Putin Qərbə qarşı nüvə dövlətlərinin ittifaqını qurur

Putin Qərbə qarşı nüvə dövlətlərinin ittifaqını qurur

Vladimir Putinin 24 il sonra Şimali Koreyaya səfəri mövcud təhdidlər qarşısında əlaqələri daha da inkişaf etdirmək və dərinləşdirmək məqsədi daşıyır.

Bu sözləri AzerTimes-a açıqlamasında Ankara Böhran və Siyasi Araşdırmalar Mərkəzinin (ANKASAM) sədri, professor Mehmet Seyfəddin Ərol deyib.

Alim bunu Qərbə qarşı müqavimət cəbhəsinin qurulması kimi qiymətləndirib:

“Görüş zamanı liderlər hərtərəfli strateji müttəfiqliyi nəzərdə tutan müqaviləni də imzaladılar. Müqaviləyə nəzər yetirdiyimiz zaman tərəflərin ortaq təhdidlərə görə bir-birinin qarşısında öhdəlik götürdüyünü deyə bilərik. Rusiya xüsusilə Ukrayna müharibəsi ilə artan təhdid, təzyiq və çevrələmə siyasətinə qarşı Asiyadakı bir sıra dövlətlərlə müttəfiqlik qurmaq, mövcud əlaqələri dərinləşdirmək niyyətindədir. Şimali Koreya da bu mənada ən uyğun müttəfiqlərdən biridir. Çünki Pxenyan ilə Moskvanın qarşısındakı təhdidlər eynidir. ABŞ Baltikyanı bölgədən başlayaraq Asiya və Okeaniyaya qədər geniş bir ərazidə yeni bir xarici siyasət kursu izləməyə başlayıb. Ona görə də Rusiya öz sərhədlərinin yaxınlığında baş verənlərə, eyni zamanda Çin və Şimali Koreya ilə bağlı məsələlərə olduqca həssas yanaşır. Əlbəttə ki, həmlələr çoxaldığı üçün buna cavab vermək ehtiyacı da yaranıb. Rusiya da ABŞ başda olmaqla Qərbin apardığı çevrələmə siyasətinə və bundan sonrakı mərhələdə daha da güclənəcək həmlələrə cavablar hazırlayır, blok qurur”.

Ərol əlaqələrin gücləndirilməsinin sanksiyaları zəiflətmək məqsədi də daşıdığını bildirib:

“Digər tərəfdən hər iki dövlətə qarşı ciddi mənada sanksiyalar tətbiq olunur. Putinin addımını sanksiyalara qarşı birgə müqavimət kimi də dəyərləndirmək mümkündür. Moskva və Pxenyan arasında imzalanan müqavilədə də əhatə olunan sahələrə nəzər yetirsək, Qərbin sanksiyalarına, təzyiqlərinə məruz qalan ölkələrin məcazi mənada desək, öz dünyalarını qurduğunu görə bilərik. Rusiya və Şimali Koreyanın imzaladığı müqavilənin genişləndirilməsi, buna sonradan Çin və İranın da qoşulması mümkündür. Beləliklə, sözügedən ölkələr öncə ikitərəfli, sonra çoxtərəfli əlaqələrlə öz sistemlərini qurmaq üçün konkret addımlar atmağa başlayacaqlar. Yəni ABŞ-ın təkqütblülüyünə qarşı çoxqütblülük tərəfdarı olanların müqaviməti daha da artacaq”.

Professor bu birliyi ən son məqamda nüvə silahından istifadə etməyə hazır olan ölkələrin ittifaqı adlandırıb:

“Atılan addımlar həm də Çinin çevrələnməsinə qarşıdır. Qərbin AUKUS (15 sentyabr 2021-ci ildə Avstraliya, İngiltərə və ABŞ arasında imzalanan üçtərəfli təhlükəsizlik paktı – red.), eyni zamanda təhlükəsizlik sahəsində müxtəlif ittifaq formalarına qarşı bölgədə yeni ittifaqın qurulacağını və müdafiədən hücuma keçiləcəyini düşünürəm. Şimali Koreya da ciddi təhdid qarşısında nüvə silahından istifadə etməkdən çəkinməyəcəyini bildirir. Ona görə də buna həm də Qərbin qarşısında olan nüvə ölkələrinin birliyi də demək olar”.

Teqlər: