Ötən gün Kremldə baş tutan Putin-Paşinyan görüşünün mediaya açıq hissəsində əsasən “iqtisadi mövzular” gündəmə gətirildi. Daha doğrusu, bu, iqtisadi mövzulardan daha çox, Ermənistanın Rusiyadan nə qədər asılı olduğunun bir daha elan edilməsi idi.
Putin vərəqə yazdığı statistikanı Ermənistan baş nazirinin üzünə oxudu: Ermənistanla Rusiyanın ticarət dövriyyəsi 2023-cü ildə 7 milyard dolları keçib (daha dəqiqi, 7,3 milyard dolları aşıb). Putin 2015-ci ildən Ermənistanın Aİİ ilə ticarət dövriyyəsinin 14 dəfə (!!!) artdığını da xüsusi vurğuladı və bunları rekord göstərici adlandırdı: tarix boyu belə ticarət dövriyyəsinin Ermənistanla heç vaxt olmadığını bildirdi.
Anındaca əlavə etdi ki, Ermənistanın Rusiyaya ixracı kəskin artıb.
Rusiyalı ekspertlər, rəsmilər təsadüfən demirlər ki, Aİİ ölkələri ilə heç bir sərhədi olmayan Ermənistan bu qurumun ən böyük qazanc götürənidir.
Həqiqətən də elədir: 2022-ci ildə Ukraynada müharibə başlayandan sonra Ermənistan Rusiyanın snaksiyaları dəlməsində olduqca rol oynayan “partnyoruna” çevrilib. O qədər ki, Ermənistanın bütün enerji strukturu Rusiyanın əlində olmasına baxmayaraq, Ermənistan tarixində ilk dəfə Rusiya ilə ticarət dövriyyəsində “müsbət saldo” əldə etdi – yəni Rusiyaya ixracı idxalını üstələdi.
Ermənistan əsasən BƏƏ-dən, o cümlədən Çin və Avropadan idxal etdiyi sanksiyalar altındakı malları Rusiyaya ixrac etməklə bu səviyyəyə çatıb. Buna görə Rusiyaya ixracı son bir ildə 5 dəfəyə yaxın artıb, o cümlədən BƏƏ və Çinlə ticarəti 2 milyardı aşıb; buna görə Ermənistan iqtisadiyyatı faktastik göstəricilər əldə edir.
Təsəvvür edin, bu ölkənin iqtisadiyyatı inkişaf edir, illik artım 12 faizin üstündədir, ancaq enerji istifadəsi 6 faizə yaxın azalıb. Dünyada elə bir ölkə varmı ki, iqtisadiyyatı böyüsün, 12,7 faiz illik artı olsun, ancaq enerji sərfiyyatı aşağı düşsün? Mümkünsüzdür, məhz analoqu olmayandır. Çünki Ermənistanın iqtisadi inkişafı yalnız və yalnız sanksiyaların dəlinməsi üzərindədir.
Rusiya Ukraynaya yağdırmaq üçün raketlərin hazırlanmasında lazım olan elektron avadanlıqları da Ermənistandan idxal edir. Bunu bütün Avropa bilir və dəfələrlə bu barədə ən nüfuzlu analitik mərkəzlər hesabatlar yayıblar. Ancaq Ermənistan bu cür xidmətin müqabilində KTMT ilə əlaqələri “dondurmaq” siyasi oyununu oynayır və nəticədə, Qərbin sanksiyalarından yayınaraq, Rusiyaya təkrar ixracçı kimi milyardlar qazanmağa davam edir.
Təsadüfi deyil ki, məhz dünən – 8 mayda Ermənistan XİN rəsmən bəyan etdi: İrəvan KTMT-nin maliyyələşməsini dayandırır! Bu açıqlamanı Ermənistan XİN Paşinyan Moskvada olarkən və Putinlə görüşə hazırlaşarkən yaydı. Guya bir gün öncə və yaxud sonra yaymaq olmazdımı? Bu nə oyundur?
Çünki Qərb bu səfərə ciddi yanaşır və diqqətlə izləyirdi. Paşinyan sanki Rusiya ilə razılaşmış formada Qərbə növbəti “jestini” etdi. Bununla Moskvaya səfərini “kompensasiya” etməklə bərabər, hərbi baxımdan Rusiyanın “nəzarətindən” guya çıxmağa davam etdiyini göstərməklə, əslində, Kremllə qurduğu iqtisadi oyuna qarşı mümkün təzyiqləri neytrallaşdırmağa çalışdı.
Ermənistan doğrudanmı Rusiyadan qopur? Ərazisində Rusiya ordusu, bütün enerji strukturları Rusiyanın əlində, qazı Rusiyadan gəlir, bu ölkədə ən böyük yatırımçılar rusiyalılardır və ən əsası – bütün iqtisadiyyatı Rusiyadan asılıdır: xarici ticarət dövriyyəsinin az qala 70 faizi də Rusiya ilə bağlıdır.
Paşinyan oyun qurub və külli miqdarda vəsait qazanır: hər Qərbə, həm də Rusiyaya sərf edən mövqe tutub.
Yeri gəlmişkən, Putinin Paşinyanla görüşdə heç də ciddi və sərt danışıqlara hazırlaşdığı qətiyyən hiss edilmirdi. Əksinə, kifayət qədər mehriban olduqları görünürdü…