Ermənistanla Azərbaycan arasında gələcək sülh müqaviləsi hər iki tərəfin güzəştə getməsinin nəticəsində olacaq.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Soçidəki üçtərəfli görüşün yekununa dair keçirilən mətbuat konfransında deyib.
Hələlik İrəvanla Bakı arasında sülh müqaviləsinin olmadığını söyləyən Putin hələ bu barədə danışmağın tez olduğunu vurğulayıb:
“Burada bu sənədin əsas komponentləri haqqında danışmaq tezdir, çünki bu, şübhəsiz ki, kompromis məsələsidir ki, əgər hər iki tərəf istəsə, ölkəmizin vasitəçiliyi ilə əldə edilməlidir”.
Putin qeyd edib ki, üçtərəfli görüşdə Ermənistan Baş naziri Nikol Paşinyanın sülhməramlılarla bağlı təklifi də müzakirə olunub:
“Rusiya sülhməramlılarının mandatının uzadılması qərarı digər məsələlərdən – sülh müqaviləsinin mümkün bağlanmasından və Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası və demarkasiyasından asılıdır”.
O vurğulayıb ki, hər iki tərəf Rusiyaya gördüyü işlərə görə təşəkkür edib.