Bu gün (29 may) Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Parisə səfər edəcək.
Vladimir Putin və Fransanın yeni prezidenti Emmanuel Makron Versal sarayında keçiriləcək görüşdə ikitərəfli münasibətləri, Ukrayna və Suriya böhranının nizamlanmasını, habelə digər beynəlxalq problemləri müzakirə edəcəklər.
Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, Putin Parisə Makronun dəvəti ilə gedir. Liderlər Versalda Rusiya çarı I Pyotrun Fransaya ilk səfərinin 300 illiyinə həsr olunmuş sərgini ziyarət edəcəklər. Bu barədə razılıq mayın 18-də Makronun Putinlə telefon danışığı zamanı əldə olunub. Səfər çərçivəsində iki liderin tanışlığı, onların məhdud tərkibdə qeyri-formal danışıqları, daha sonra isə geniş tərkibdə görüş planlaşdırılır.
Səfərin yekunları üzrə heç bir sənəd imzalanmasının nəzərdə tutulmadığı bildirilir.
Politoloqlar qarşıdakı səfərin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayır, bunu Fransanın yeni prezidenti Emmanuel Makronun Paris və Moskva arasında kəsilmiş münasibətlərin bərpasına cəhdi kimi səciyyələndirirlər.