“Putin öldü, çevriliş gedir” xəbəri – Rus nəşri təhlil etdi

“Putin öldü, çevriliş gedir” xəbəri – Rus nəşri təhlil etdi

Tarixçi Valeri Solovyov (Rusiya Federasiyasının Ədliyyə Nazirliyi tərəfindən xarici agentlərin reyestrinə daxil edilib) və ukraynalı hüquqşünas Viktor Yermolayevlə əlaqəli olan “General SVR” Teleqram kanalı Rusiya Prezidenti Vladimir Putinin Valdaydakı iqamətgahında öldüyünü və ölkədə dövlət çevrilişinə cəhd edildiyini iddia edən yazı dərc edib.

AzerTimes xəbər verir ki, bu barədə Rusiyanın “Lenta.ru” nəşri yazıb.

Nəşr bildirib ki, bu məlumat artıq Kreml tərəfindən təkzib edilib:

“General SVR” nəşrinin müəllifləri heç bir mənbəyə istinad etmədən bildiriblər ki, həkimlər dövlət başçısının ölümünü oktyabrın 26-da, cümə axşamı, Moskva vaxtı ilə saat 20:42-də təsdiqləyiblər. Bundan əlavə, “prezidentin oxşarı”nın” təhlükəsizliyinin gücləndirildiyi və general Dmitri Koçnevin Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevdən vəziyyətlə bağlı təlimat aldığı iddia edilib.

Məlumdur ki, bu kanal Rusiya liderinin “ölümcül vəziyyəti” ilə bağlı dəfələrlə məlumat verib və “son vaxtlar bütün rəsmi görüş və tədbirlərin Putinin oxşarı tərəfindən aparıldığını” qeyd edib. Həmçinin bir sıra xarici KİV-lər Putinin ürəyində problemlərin başladığını yazıb”, – məqalədə bildirilib.

Nəşr vurğulayıb ki, bu şayiələr fonunda Vladimir Putin ictimaiyyət qarşısına çıxıb, 26 oktyabrda o, Korolev adına “Energiya” Raket və Kosmik Korporasiyasında gənc mütəxəssislərlə görüşüb, həmçinin Kreml onun noyabr ayından etibarən keçiriləcək “Rusiya” forum-sərgisində iştirakını təsdiqləyib.

“Bundan öncə Peskov Putinin səhhətinin kritik olması ilə bağlı məlumatı təkzib etmişdi: “O, sağlamdır, bu, növbəti şayiədir”. Üstəlik, Peskov dedi ki, Putinin oxşarı yoxdur.

Kreml Putinin oxşarı olduğu ilə bağlı məlumatı dəfələrlə təkzib edib, buna baxmayaraq, bu məsələ uzun illərdir gündəmdən düşmür. 2020-ci ildə Putin müsahibəsində etiraf etdi ki, 2000-ci illərin əvvəllərində təhlükəsizliyi təmin etmək üçün əslində oxşarını işə götürmək fikri var idi, lakin o, bundan imtina etdi. Bundan əlavə, dövlət başçısı oxşarları ilə bağlı nəzəriyyədən xəbərdardır və Peskovun sözlərinə görə, bunu təbəssümlə qəbul edir”, – məqalədə bildirilib.

Həmçinin o da xatırladılıb ki, Putinin səhhəti ilə bağlı xəbərlər əsasən Ukraynanın Teleqram kanallarından yayılır və Kreml bunları təkzib edir.

Teqlər: