Rusiya Prezidenti Vladimir Putin Qərbin ləngliyindən maksimum yararlanmağa çalışır. Bəziləri düşünə bilər ki, Putinin Şimali Koreya hərbi qüvvələrini Ukrayna müharibəsinə cəlb etməsi yalnız Rusiyanın hərbi potensialının zəifləməsi ilə bağlıdır. Yəni Rusiya ordusu Ukraynanın şərqində işğal zonasını genişləndirərkən Putinin Kursk vilayətini azad etmək üçün əlavə hərbi qüvvəyə ehtiyacı olub və Kreml sahibi bu məqsədlə Şimali Koreyaya müraciət edib. Bunda həqiqət payı var, hətta Rusiya bunun əvəzinə Şimali Koreyaya ərzaq yardımı söz verib.
AzerTimes xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, Kremlin Şimali Koreyanı müharibəyə birbaşa cəlb etməsinin başqa məqsədi də var:
“Putin bununla ABŞ və AB-nin müttəfiqi Ukraynanı qoruya bilmədiyini göstərir. Putin sanki demək istəyir ki, Rusiya uğrunda döyüşmək istəyən dövlət varkən, NATO ölkələri Ukraynanı yalnız sözdə dəstəkləyirlər. Elə Ukrayna Prezident Vladimir Zelenski də təxminən eyni fikirdədir. Zelenskinin sözlərinə görə, Qərb liderləri Ukraynanı NATO üzvlüyünə qəbul etməmələri bir yana, sadəcə rəsmi dəvət ifadəsindən də çəkinirlər. “Bu, ədalətli deyil. Sadəcə “yox” deməyin bir yoludur” – deyən Zelenski Ukraynaya səmimi cavab verilmədiyi qənaətindədir.
Ukraynanın ərazi bütövlüyünü təmin edib-etməməsi ABŞ-da prezident seçkisinin nəticəsindən asılı vəziyyətə salınıb. Ukraynanın yalnız öz resursları hesabına torpaqlarını geri qaytara biləcəyi sual altındadır. Ukrayna ordusu Rusiya ilə yanaşı, liderlərinə fanatikcəsinə bağlı Şimali Koreya ordusu ilə də savaşmaq məcburiyyətindədir”.