Xəbər - Elçin Mehdiyev – Trend:
Rusiya Prezidentinin Azərbaycan-Ermənistan sərhədinin
delimitasiya və demarkasiyasından söz açarkən “mübahisəli
ərazilər”, yaxud “mübahisəli məsələlər” ifadəsini səsləndirməsi
təsadüfi deyil və Vladimir Putinin Azərbaycanın Qazax rayonunun
hələ də Ermənistanın nəzarəti altında olan Bağanis Ayrım, Xeyrimli,
Barxudarlı, Sofulu, Yuxarı Əskipara, Qızıl Hacılı, Aşağı Əskipara
kəndlərini nəzərdə tutduğu istisna olunmur.
Bunu AzerTimes-a
açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli deyib.
O bildirib ki, belə qənaətə gəlməyə əsas verən amillərdən biri
də, Rusiya tərəfinin delimitasiya və demarkasiya prosesinin SSRİ
Silahlı Qüvvələrinin Baş Qərərgahının xəritələri əsasında
aparılmasının zəruriyi haqqında dəfələrlə səsləndirdiyi
fikirlərdir.
“Həm SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının xəritələrində,
həm də SSRİ-nin inzibati ərazi subyektləri arasındakı sərhədlərini
müəyyən edən sənədlərdə Qazaxın ümumilikdə 7 kəndinin Azərbaycana
məxsusluğunu şübhə altına ala biləcək heç bir fakt yoxdur.
Məhz bu baxımdan, delimitasiya və demarkasiya prosesində
sözügedən kəndlərin boşaldılmasının da müzakirə edildiyi və
ediləcəyi şübhə doğurmur.
Rusiya Prezidenti də, ola bilsin ki, bu məsələni dilə gətirməklə
Ermənistan tərəfinə onların nəzarəti altında olan 7 kəndlə bağlı
niyyəti güdüb”, – deyə E.Mirzəbəyli əlavə edib.
Qeyd edək ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin
dəvəti ilə Rusiyada rəsmi səfərdə olan Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin fevralın 22-də Rusiya dövlətinin başçısı
ilə təkbətək görüşü olub. Moskvada “Azərbaycan Respublikası ilə
Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti
haqqında” Bəyannamə imzalanıb. Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti
Vladimir Putin mətbuata bəyanatlarla çıxış ediblər.