9 noyabr bəyanatı bizim müharibəni dayandırmaq üçün beşinci cəhdimiz idi.
AzerTimes xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan 44 günlük müharibə ilə bağlı parlamentdə çıxışı zamanı deyib.
Paşinyan ilk cəhdin müharibənin 10-cu günündə edildiyini bildirib:
“İlk belə danışıq oktyabrın 7-də Rusiya Prezidenti Vladimir Putinin doğum gününü təbrik etmək üçün zəng vuranda oldu. Müsahibələrin birində demişdim ki, Ermənistan güzəştə getməyə hazırdır və o da bu fürsətdən istifadə edərək tezliklə atəşkəs üçün vasitəçilik səyləri göstərmək istədiyini dedi. Mən bundan əvvəl “Atəşkəs hansı şərtlərlə olmalıdır” deyə soruşaraq, razılaşdığımı bildirdim. Bizim mövqeyimiz ondan ibarət idi ki, ilkin şərt qoyulmadan atəş dayandırılmalı, tərəflər öz mövqelərində qalmalı, bundan sonra tərəflərin hansı kompromislərə hazır olması ilə bağlı məsləhətləşmələr başlamalıdır. Dedim ki, bu variant bizim üçün məqbuldur. Rusiya prezidenti ilə ikinci telefon danışığım elə həmin gün axşam saatlarında oldu. O, Azərbaycan prezidenti ilə danışdığını, lakin Əliyevin atəşkəslə razılaşmağa hazır olmadığını bildirib. Buna baxmayaraq, Putin ertəsi gün İlham Əliyevlə yenidən danışmağa razılaşdığını dedi. Ertəsi gün Rusiya prezidenti mənə bildirdi ki, Azərbaycanın atəşkəs üçün ilkin şərtləri var. Azərbaycan Füzulinin döyüşsüz verilməsini, erməni qüvvələrinin Araz boyu Xudafərin su anbarından çəkilməsini və suvarma işləri üçün su anbarının Azərbaycanın nəzarətində qalmasını istəyirdi. Bundan başqa, Azərbaycan rəhbərliyi Şahbaz Quliyev və Dilqəm Əsgərovun geri qaytarılmasını da daxil, şərtləri vardı”, – Paşinyan bildirib.