Rusiya Ukrayna ilə bağlı sülh danışıqlarından imtina etməyib.
AzerTimes xəbər verir ki, bu sözləri Rusiya lideri Vladimir Putin Dövlət Dumasındakı fraksiya liderləri ilə görüşündə Ukraynada həyata keçirilən “xüsusi hərbi əməliyyat” haqda danışarkən deyib.
“Biz sülh danışıqlarından imtina etməmişik. Ancaq bundan kim imtina edirsə, bilməlidir ki, nə qədər gec olsa, bizimlə razılaşmaq bir o qədər çətin olacaq”, – o qeyd edib.
Putin Rusiyanın strateji sabitlik də daxil olmaqla, narahatlıq doğuran məsələlərdə Qərblə dialoq aparmaq cəhdlərinə məhəl qoyulmadığını vurğulayıb:
“Avropada bərabər təhlükəsizlik sisteminin yaradılması ilə bağlı təkliflərimiz rədd edildi, raketdən müdafiə məsələsi üzrə birgə iş təşəbbüslərindən imtina edildi, NATO-nun xüsusən keçmiş Sovet İttifaqı respublikalarının hesabına genişlənməsinin qəbuledilməzliyi barədə xəbərdarlıqlar diqqətdən kənarda qaldı. Hətta NATO ilə o vaxtlar “işıqlı” görünən münasibətlərimiz mərhələsində bu Şimali Atlantika Alyansına Rusiyanın mümkün inteqrasiyası ideyası belə onun üzvlərinə absurd görünürdü”.